Azad Rəhimov narazı qaldığı federasiyaların adlarını açıqlayıb

Azad Rəhimov narazı qaldığı federasiyaların adlarını açıqlayıb
# 04 mart 2009 11:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov fəaliyyətindən narazı qaldığı federasiyaların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, nazir jurnalistlərlə söhbətində bildirib ki, bir neçə növdə nəticələr qeyri-qənaətbəxşdir.

“Velosiped idmanı, suya tullanma, yelkən idmanı növləri zəifdir. Həmçinin, üzgüçülükdə nəticələr bizi qane etmir, federasiyanın da prezidenti yoxdur. Bundan başqa, kamandan oxatmanı qeyd edərdim. Bu növdə tərpəniş, yenilik olmasını istərdim” - deyə Rəhimov vurğulayıb.

Nazir ötən ay Fransada keçirilən Dünya Kubokunda yunan-Roma güləşi yığmamızın düçar olduğu uğursuzluğa da münasibət bildirib: “8 komanda arasında 8-ci olmaq milli komandada problemlərin mövcudluğu anlamını verir. Bu hal nazirliyin diqqətindən yayınmayıb. Biz federasiya ilə birgə müşavirə keçirəcəyik. İstərdik ki, məğlubiyyətin səbəbləri bizə izah olunsun”.

Rəhimov deyib ki, Dünya Kubokunda zəif təsir bağışlayan, o cümlədən ermənilərə uduzan pəhləvanlarımız cəzalandırılmayacaqlar: “Cəza tədbirləri nəzərdə tutulmayıb. Mərhələ yarışlarından məğlubiyyətlə dönənləri cəzalandırsaq, milli komandalarımızda nə məşqçi qalar, nə də idmançı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR