Karantin rejiminin tətbiq edildiyi Marneulidə sahə xəstəxanaları yaradılıb - FOTO

Karantin rejiminin tətbiq edildiyi Marneulidə sahə xəstəxanaları yaradılıb - FOTO
# 23 mart 2020 10:06 (UTC +04:00)

Gürcüstanda Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda sahə xəstəxanaları yaradılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən, DİN-in Təcili Yardım Xidməti Marneulidə sahə xəstəxanası, həmçinin xəstələrlə təmasda olanların dezinfeksiya edilməsi məqsədi ilə xüsusi bölmə yaradıb.

Həmçinin Gürcüstan Müdafiə Nazirliyinin (MN) hərbçiləri Bolnisi və Marneuli rayonlarında koronavirusun yayılma riskini azaltmaq məqsədi ilə profilaktik tədbirlərə cəlb edilib. MN bölmələri Daxili İşlər Nazirliyi ilə birlikdə karantin zonası yaxınlığında xüsusi buraxılış məntəqələri yaradıblar.

Nazirliyin Şərq Komandanlığı gecə saatlarında Marneuli və Bolnisi ərazisinə daxil olaraq beş yoxlama məntəqəsi yerləşdiriblər.

Məntəqələrdə eyni zamanda rayonlara gələn və çıxan nəqliyyat vasitələri xüsusi vasitələrlə dezinfeksiya edilməsi həyata keçirilir.

Qeyd edək ki, ötən gün Marneulidə azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqləndikdən sonra Marneuli və Bolnisi rayonlarında sərt karantin rejiminin tətbiqinə başlanılıb. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR