Səfir Tahir Tağızadə bir sıra nüfuzlu KİV nümayəndələrini erməni təxribatları barədə məlumatlandırıb

Səfir Tahir Tağızadə bir sıra nüfuzlu KİV nümayəndələrini erməni təxribatları barədə məlumatlandırıb
# 03 oktyabr 2020 21:19 (UTC +04:00)

Azərbaycanın Britaniyadakı səfirliyi Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətlə bağlı onlayn brifinq keçirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, brifinqə Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Devid Evans parlamentin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen, "Telegraph", "BBC", "Guardian" kimi xarici qurumların media nümayəndələri, azərbaycanlı media nümayəndələri, regional ekspertlər qatılıblar. Səfir iştirakçılara bölgədəki vəziyyət barədə məlumat verib, münaqişə və son döyüş əməliyyatları ilə bağlı onların suallarını cavablandırıb.

Tahir Tağızadə bildirib ki, Azərbaycanın əməliyyatlara başlamaqda məqsədi ermənilərin təxribatlarının qarşısını almaq olub: "İlk olaraq erməni tərəfin atəşə başlaması nəticəsində Azərbaycan özünü müdafiə etmək üçün əks hücumlara keçmişdir. Ermənilər daha çox mülki vətəndaşları hədəf alır. Naftalanda ikisi uşaq olmaqla, bir ailənin beş üzvü həyatını itirib. Daşkəsəndə, Tərtərdə mülki vətəndaşlar atəşə tutulur. Erməni tərəfin xüsusilə də mülki vətəndaşları hədəf alması, hətta cəbhə bölgəsinə yaxın olmayan yaşayış bölgələrini, vətəndaşlarımızı atəşə tutması nəticəsində Azərbaycan özünü müdafiə etmək məqsədi daşımaqdadır".

O qeyd edib ki, ermənilər konstruktiv yanaşma göstərməli, hərbi əməliyyatlara son verməlidir.

"Bizim hazırkı məqsədimiz ermənilərin işğal olunan Azərbaycan ərazilərindən çıxmasıdır", - deyə səfir bildirib.

Səfir Azərbaycan ordusunda suriyalıların vuruşması haqqında britaniyalı jurnalistin sualını cavablandıraraq bunun doğru olmadığını, bunun növbəti erməni uydurması olduğunu diqqətə çatdırıb və qeyd edib ki, Azərbaycanın heç kəsin köməyinə ehtiyacı yoxdur və Azərbaycan böyük, güclü bir dövlətdir.

Səfir hərbi münaqişənin Azərbaycanın seçimi olmadığını, davam edən və özünü təkrarlayan erməni təxribatı nəticəsində Azərbaycanın qarşı tərəfə belə bir cavab verməli olduğunu deyib. Tahir Tağızadə bildirib ki, Azərbaycan hər zaman sülh istəyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR