Deputat: “Jirinovskinin davranışları Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıyır”

Deputat: “Jirinovskinin davranışları Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıyır”

© APA | Deputat Fatma Yıldırım

# 02 avqust 2021 10:15 (UTC +04:00)

“Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycana qarşı mövqeyi, ölkəmiz haqqında səsləndirdiyi fikirlər Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Bu gün Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirildiyi halda, Vladimir Jirinovskinin davranışları hazırkı Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıyır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat deyib ki, V. Jirinovski Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində bir sıra ölkələr, o cümlədən Azərbaycanla bağlı qərəzli mövqeyini ortaya qoyaraq siyasətçiyə yaraşmayan fikirlər səsləndirib: “Onun fikirləri siyasətçidən daha çox təxribatçı, avantüristin mövqeyidir. Biz dəfələrlə Rusiya liberal-demokratlarının rəhbərinin Azərbaycanla yanaşı, Türkiyənin haqqında da qəbuledilməz fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Budəfəki müsahibəsində də o, eyni mövqe sərgiləyib. Hətta digər slavyan xalqlarına qarşı da şovinist mövqe ortaya qoyub. Bütün bunlar Jirinovskinin imperialist stereotiplərinin göstəricisidir. O, müsahibəsində dəfələrlə keçmiş rus imperiyasını xatırladır. Amma unudur ki, keçmiş keçmişdə qalıb. Tarixin təkərini geri döndərmək onun üçün yalnız xəyal ola bilər”.

F. Yıldırım Azərbaycan cəmiyyətinin Jirinovskini işğalçı Ermənistanın fəal təəssübkeşi kimi də yaxşı tanıdığını qeyd edib: “Yəqin İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması, torpaqlarımızın erməni işğalından azad olunması bu rus “siyasətçisini” ciddi narahat edir. Bu səbəbdən də Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-ciddi proqnozlar verir. Məncə, Azərbaycanda mövcud milli birliyi, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini Jirinovski də yaxşı bilir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın erməni işğalından azad edilməsi, qazanılan zəfər bu birliyi daha da gücləndirib. Eləcə də siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bütün bunların fonunda Jirinovskinin ölkəmizlə bağlı “proqnozu” yalnız “siyasi sayıqlamalar” kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, V.Jirinovski Rusiya cəmiyyətində bu ölkənin siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən Rusiya siyasətinin ən məşhur şoumeni adını alıb. Belə olan təqdirdə, belə bir şəxsin hər hansı fikri ciddiyə alınmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR