MM-in Komitə sədri: "İnsan alveri qurbanlarının müdafiəsinə dair yeni qanun qəbul edilməlidir"

#
# 12:53
23 aprel 2021

“Əvvəlki illərdə qəbul edilən Fəaliyyət planının necə yerinə yetirilməsinə dair Hesabatın dərc olunmasını vacib sayırıq. Yalnız bu halda biz hansı vəzifələrin yerinə yetirildiyini, hansılarınsa həllini gözlədiyini söyləyə bilərik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələnin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 

Z. Oruc deyib ki, beynəlxalq reytinqlərdə insan alverinə qarşı mübarizədə müəyyən edilmiş təsnifat/səviyyələr (TİER 1-3) əsasən problemin miqyasını deyil, hökumətin bu problemə necə reaksiya verdiyini, yəni dövlət strukturlarının fəaliyyətini əks etdirir: “Ona görə də bizə görülən işləri yaxşı təqdim etmək, onu intensiv şəkildə beynəlxalq mediaya və BMT, Avropa Şurasının GRETA təşkilatlarının ofisinə göndərmək mühüm vəzifə olmalıdır. Gələn il ölkəmizin avtomatik olaraq səviyyə 3-ə endirilməsi müəyyən iqtisadi sanksiyalara səbəb ola, maliyyə yardımlarının dayandırılması baş verə bilər. Söhbət sanksiyalara bizim münasibətimizdən getmir, halbuki dövlətimizin ortaya qoyduğu iradənin düzgün çatdırılması çox önəmlidir”.

Parlamentin komitə sədri qeyd edib ki, pandemiya dövründə ən böyük risk qrupu əmək miqrantları və onların ailə üzvləri olduğu üçün hökumətə konkret təkliflərin verilməsi və onun sənəddə əksini tapmasını yaxşı olar, çünki bu bəla ilə yalnız bir nazirlik çərçivəsində mübarizə aparmağın mümkün olmadığını hamı bilir.

Z. Oruc Azərbaycanda insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyasına dair yeni qanun layihəsinin qəbul edilməsinin cəmiyyətdə və beynəlxalq hesabatlarda mövqelərimizə müsbət təsir edəcəyini bildirib: “Bundan başqa, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bütün internet platformalarında fəal olması, saytının operativ yenilənmə rejiminə keçməsini tövsiyə edirik.

Qeyd etdiyimiz təkliflərin reallaşması qısa müddətdə  “Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə ekspertlər qrupu - GRETA-nın sentyabrda olacaq 3-cü dövri hesabatında ölkəmizin mövqelərinə müsbət təsir edəcəyi şübhəsizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR