“İnter” rəhbərliyi “Kreml”ə sintetik örtük döşətdirəcək

“İnter” rəhbərliyi “Kreml”ə sintetik örtük döşətdirəcək
# 13 noyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. “BATE və Tiflisin “Dinamo” klubundan fərqli, bizim “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirindən imtina etmək fikrimiz yoxdur. Əksinə, hələ yayda mövsümə hazırlıq planını qurarkən, bu yarışa xüsusi yer ayırmışıq”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan Premyer Liqasının son qalibi “İnter”in baş məşqçisi Valentin Xodukin deyib.

Ukraynalı çalışdırıcının rəhbərlik etdiyi kollektiv gələn ilin yanvarında Moskvada təşkil olunacaq turnirdə ilk dəfə mübarizə aparacaq. Xodukin bildirib ki, iki klubun imtinasına baxmayaraq, yarışda kifayət qədər ciddi rəqiblər var: “Belarus çempionu BATE-nin imtinası başadüşüləndir. Bu komandaya Çempionlar Liqasında ağır sınaqdan sonra istirahət lazımdır. Ancaq turnirdə ciddi rəqiblərin sayı heç də azalmayıb. Artur Ziko kimi tanınmış mütəxəssisin çalışdırdığı Özbəkistanın “Bunedkor” klubu buna misaldır. Hələ Baltikyanı ölkələr, eləcə də Moldova, Rusiya və Ukrayna komandalarını demirəm”.

69 yaşlı məşqçi “Birlik kuboku”nun hazırlıq mərhələsinə mənfi təsir göstərdiyini gizlətməyib: “Ancaq geniş heyət olanda sintetik manejdə oynamaqdan çəkinmək lazım deyil. Həm də “İntertoto” kuboku “Birlik kuboku”ndan daha təhlükəlidir. Hər halda, Azərbaycan klubları yayda keçirilən bu qitə miqyaslı turnirin acı fəsadlarını çempionatda görürlər”.

Moskva turnirinin hazırlığına toxunan Xodukin yanvarın əvvəlində Türkiyəyə yollanacaqlarını söyləyib. “İnter” rəhbərliyi “Birlik kuboku”na yaxşı hazırlaşmaq üçün bir sıra tədbirləri həyata keçirəcək: “İlk dövrə bitən kimi istirahətə yollanacağıq və dekabrın 20-dən etibarən futbolçular fərdi plan üzrə çalışacaq. Yanvarın 3-də bir araya gəlib, Türkiyəyə yollanacağıq. Sərəncamımızda olan “Şəfa” stadionu da sintetik örtüklü olsa da, fərqli məqamlar var. Söhbət hava, məişət şəraiti, qidalanma və sınaqçı rəqiblərdən gedir. Türkiyədə qalacağımız “Kreml” otelinin ərazisində Moskva manejindəkinə uyğun sintetik örtük sifariş etmişik. Orada güclü rəqiblərlə qüvvəmizi sınamağı planlaşdırmışıq ki, bunlar arasında Almaniya təmsilçisi də var”.

“İnter” “Birlik kuboku”nun ardından yenidən Türkiyəyə yollanacaq və bu zaman yeni futbolçular sınaqdan keçiriləcək. Moskvada indiki heyət üzvlərinin xidmətindən yararlanacaq baş məşqçi turnirin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Türkiyədə ikinci hazırlıq prosesində baxışa futbolçular gələcək. Rəhbərlik ilk dəfə çıxış edəcəyimiz “Birlik kuboku”na ciddi önəm verir. Son illərdə “Neftçi” və “Xəzər-Lənkəran” turnirin qalibi olması ilə Azərbaycan üçün yaxşı ənənə qoyub. Bu mənada debütant kimi özümüzü ən yaxşı tərəfdən göstərməyə, nəticə qazanmağa çalışacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR