Narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb

Narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb
# 09 sentyabr 2021 09:58 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

DİN-dən APA-ya verilən xəbərə görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Nəsimi rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən əlavə olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanbaba Abbaszadə və onun tanışı Qəhrəman Qədimov saxlanılıblar. Xanbaba Abbaszadə və Qəhrəman Qədimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan ümumilikdə 35 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Qəhrəman Qədimovun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan Xanbaba Abbaszadəyə məxsus 1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, 2300 ədəd psixotrop tərkibli satışı qadağan edilən metadon və 4300 ədəd tramadol həbi aşkar edilib

Baş İdarə əməkdaşları tərəfindən Səbail rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elxan Əhədli saxlanılıb. Onun üzərindən və mənzilindən ümumilikdə 733 qram heroin, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları və sosial şəbəkələrdə vətəndaşlardan edilən müraciətlər əsasında Xətai, Nəsimi və Abşeron rayonlarında həyata keçirdikləri tədbirlər zamanı müvafiq olaraq Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar. Bu şəxsləin üzərindən və yaşadıqları evlərdən ümilmilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlının ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra bu şəxslər narkotik vasitələri sərhədyanı rayonların ərazilərində qəbul ediblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, hətta narkotik maddələri qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarmaq olub. Adları sadalanan şəxslər həmçinin onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə xaricdəki narkokuryerlərin hesablarına köçürüblər. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinə nəzarət ediblər.

Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Quba rayonunun Davidoba kəndi sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş yaş çəkisi 510 kiloqram olan 119 ədəd çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tural Məmmədov bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Yardımlı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara rayon sakinləri Mehdi Həsənov, Heybər Nabatov, həmçinin Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov saxlanılıblar. Astara rayon sakinlərindən ümumilikdə 2 kiloqrama yaxın marixuana və, Yardımlı sakinlərindən isə 3 qrama yaxın heroin və metafetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, eləcə də 6600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib: “Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum diqqətli olsunlar. Onlara narkotik vasitələri ilkin olaraq ödəniş tələb etmədən təklif edən səhifələrin asan yolla varlanmaq vədlərinə inanmasınlar. Həmin səhifələr onlara bu cür təkliflər etdikdə isə onların hesablarını şikayət etməklə bağlanmasına nail olmaq hər birimizin başlıca vətəndaşlıq borcudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR