Abşeronda evlərdən 40 min manatdan artıq oğurluq edən şəxslər tutulub - VİDEO

Abşeronda evlərdən 40 min manatdan artıq oğurluq edən şəxslər tutulub - VİDEO
# 26 aprel 2021 15:50 (UTC +04:00)

Abşeron rayonu, Masazır qəsəbəsində evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə zərərçəkən Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, evə tamah niyyəti ilə daxil olan naməlum şəxslər ona xeyli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədiblər. Həmin şəxslər mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də, digər məişət əşyaları və 3800 manat məbləğində nağd pul oğurlayıblar. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Etibar Talıbov və Nicat Kərimov saxlanılıblar.

Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər. Adları çəkilən şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar Masazır qəsəbəsində daha 3 evdən televizor, mətbəxt avadanlıqları, noutbuk, istilik radiatorları, velosiped və digər əşyalar oğurlayıblar.

Etibar Talıbov və Nicat Kərimovun ümumilikdə zərərçəkənlərə 40 min manatdan artıq maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ciayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR