Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisi açılıb

Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisi

© APA | Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisi

# 22 iyun 2021 20:04 (UTC +04:00)

Bakı Müasir İncəsənət Muzeyində (MİM) Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, sərgi Bakı Höte-Mərkəzinin, Latviya Respublikası və İsveç Krallığının səfirliklərinin, “Platform Art”ın birgə təşkilatçılığı ilə baş tutub.

MİM-in direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq iştirakçılara minnətdarlığını bildirib və S.Şıxlinskayanın yaradıcılığından söhbət açıb: “Səbinə xanım öz üslubu ilə seçilən rəssamdır. Biz şadlıq ki, bu gün onun burada sərgisi açılır.”

Sərginin təşkilatçılarına təşəkkürünü bildirən S.Şixlinskaya sərgini neftçilərə həsr etdiyini deyib.

İsveçrə səfiri Müriel Peneveyre isə pandemiya şəraitində belə bir sərginin açılışının asan olmadığını diqqətə çatdırıb: “Neft bizim həyatımızın mühüm hissəsini təşkil etdiyindən mənim bu sərgiyə marağım olduqca böyükdür”.

Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs və İsveçin ölkəmizdəki səfiri Kristian Kamill da öz növbələrində S.Şıxlınskayanın peşəkarlığını və sərginin möhtəşəmliyini vurğulayıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, “Yaxından” layihəsi müasir incəsənət əsərlərinin multimedia sərgisidir. Sərginin əsas mövzusu neft sahəsinə və “qəhrəmanlıq” aspektindən çıxış edən neftçilərin həyatına həsr olunub. Sərgidə monumental rəsm əsərləri, video və səs instalyasiyaları təqdim olunur.

Xatırladaq ki, sərgi iyulun 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR