Teatrlar açılışa necə hazırlaşır? - SORĞU

Teatrlar açılışa necə hazırlaşır?  - SORĞU
# 30 sentyabr 2021 12:40 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olunur. Teatrların ilk hansı tamaşa və nə vaxt tamaşaçı qarşısına çıxacağı ilə bağlı sorğu keçirdik.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova APA-ya deyib ki, teatr 112-ci mövsümünə hazırlaşır: “Musiqili Teatrı pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yeni mövsümünə böyük həvəs və məsuliyyətlə hazırlaşır. İlyarım onlayn rejimdə çalışan teatr təbii ki, birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən keçməlidir. Oktyabr ayının 1-dən sonra tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılacaq. Bütün bu proseslərdən sonra nümayişini nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda teatrsevərlərə ətraflı məlumatlar veriləcək”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı APA-ya bildirib ki, bu mövsümü ilk olaraq “Qarabağnamə” tamaşası ilə açmaq nəzərdə nəzərdə tutulub: “Oktyabrın 15-dən etibarən tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizi davam edəcəyik.”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva bildirib ki, oktyabr ayının on beşində teatr ilk tamaşanı təqdim edəcək: “Mövsümə “Tıq-tıq xanım” tamaşası ilə başlayacağıq. Teatrımızın böyük zalı hazırda təmirdə olduğu üçün bu mövsüm böyük zala uyğun olan tamaşalarımız Rəşid Behbudov adına Mahnı Teatrında və Kukla Teatrında nümayiş olunacaq”.

Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 1-də “Cırtdan” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Teatrın Ədəbi-dram hissə müdiri Həmidə Rüstəmova APA-ya bildirib ki, məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Azərbaycan Dövlət Pantomima Teatrının ilk hansı tamaşanı qoyacağı hələ bəlli deyil. “Pantomim bədən dili janrı olduğu üçün iki il işləməyən aktyorun birdən-birə səhnəyə çıxması çətindir. Ona görə də qabaqcadan nə vaxt tamaşa qoyacağımızla bağlı dəqiq bir məlumat verə bilmirik”, - bunu APA-ya Teatrın direktoru, Əməkdar artist Elman Nəsirov deyib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə artıq sentyabrın 21-dən qapılarını tamaşaçıların üzünə açıb. Belə ki, bu il 13-cü dəfə keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-i dahi bəstəkarın “Leyli və Məcnun”, sentyabrın 24-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Traviada” operasının tamaşası baş tutub.

“Artıq teatrların fəaliyyətinə icazə verildiyinə görə, pandemiya qaydalarına uyğun olaraq oktyabrda fəaliyyətimizi davam etdirəcəyik”, - deyə teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva APA-ya deyib.

Azərbaycan Dövlət Yuğ Teatrından bildirilib ki, mövsümün ilk tamaşasının hansı tarixdə nümayiş olunacağı dəqiq bəlli deyil: “İlk tamaşamız “Klon biz” olacaq. Biz bu tamaşanın daxili baxışını keçirsək də premyerasını edə bilməmişdik. Ona görə də istəyirik ki, ilk tamaşamız bu olsun”.

Gəncə Dövlət Dram Teatrı ilk tamaşasını oktyabrın birində nümayiş etdirəcək. “Biz mövsümü sabah “Bremen musiqiçiləri” tamaşası ilə açacağıq. İlk tamaşamızı da şəhid və qazi övladları üçün oynayacağıq, yəni tamaşaçılarımız onlar olacaq”, - deyə teatrdan bildirilib.

Şuşa Dövlət Musiqili Dram Teatrından APA-ya bildirilib ki, mövsümün ilk tamaşasının hansı tarixdə nümayiş olunacağı bəlli deyil: “İlk tamaşamız uşaqlar üçün nəzərdə tutulan “Dovşanın ad günü” tamaşasıdır, hansı tarixdə nümayiş olunacağı bəlli olmasa da hazırda məşqlər gedir”.

Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli APA-nın sorğusuna cavab olaraq deyib ki, teatr yeni mövsümdə ilk olaraq Karl Kaldoninin “Məzəli hadisə” əsərini tamaşaya qoyacaq. Tamaşanın hansı tarixdə nümayiş olunacağı hələ ki, dəqiq deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR