"Virgin Australia" aviaşirkəti pandemiyaya görə 2,4 mlrd. dollar itirib

"Virgin Australia" aviaşirkəti pandemiyaya görə 2,4 mlrd. dollar itirib
# 04 may 2021 11:12 (UTC +04:00)

Avstraliyanın ikinci nəhəng aviaşirkəti sayılan “Virgin Australia”nın 2019-cu il 30 iyun – 1 iyul 2020-ci il tarixləri arasında itkiləri 2,4 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə “The Austrian” nəşri aviaşirkətin Dövlət Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyasına (ASIC) təqdim etdiyi hesabata istinadən xəbər verir.

Hesabata görə, aviaşirkətin 2019-2020-ci maliyyə ilində gəlirləri 22% azalaraq 1,3 mlrd. Avstraliya dolları (1 mlrd. ABŞ dolları) təşkil edib, xərcləri isə aktivlərin amortizasiyası səbəbindən təxminən eyni dərəcədə artıb. Bu dövrdə Avstraliya federal hökumətinin aviaşirkətə ödədiyi subsidiyaların həcmi 165,8 mln. Avstraliya dolları (128,8 mln. ABŞ dolları) təşkil edib.

Şirkətin maliyyə göstəricilərinin azalmasına təsir göstərən əsas amillər sırasında COVID-19 pandemiyası səbəbindən Avstraliya sərhədlərinin bağlanması və həm beynəlxalq, həm də yerli uçuşların sayının 95,8% azalması göstərilir. Hökumət məhdudiyyətləri aviaşirkətdə təxminən 3 min iş yerinin azalmasına səbəb oldu və daha 6 min iş yerinin bağlanması təhlükəsi yaratdı.

Qeyd edək ki, 2019-cu ilədək “Virgin Group”un Avstraliya bölməsi milli hava nəqliyyatı bazarında liderlərin ilk üçlüyündə idi. Şirkətdə təxminən 10 min nəfər işləyirdi, təyyarələrin sayı isə 144-ə çatmışdı. Hazırda şirkətin aviaparkı 58 təyyarədən ibarətdir, bunlardan 10-u yaxın gələcəkdə icarəyə veriləcək. Şirkətin hazırkı işçilərinin sayı 6 mindən bir qədər çoxdur.

Xatırladaq ki, pandemiya nəticəsində böhrana düçar olan Avstraliyanın ikinci ən böyük aviaşirkəti 2020-ci ilin aprelində “Deloitte” konsaltinq şirkətinə verilmişdi, iki ay sonra isə ABŞ-ın “Bain Capital” investisiya şirkətinə satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR