Azərbaycan istifadəçiləri 2024-cü ilədək 25 Mbit/s sürətə malik internetlə təmin olunacaq - FOTO

Azərbaycan istifadəçiləri 2024-cü ilədək 25 Mbit/s sürətə malik internetlə təmin olunacaq - FOTO
# 01 dekabr 2021 18:24 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Koreya tərəfindən onlayn formatda təşkil olunmuş “İKT üzrə Nazirlər Toplantısı 2021”də iştirak edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, R. Rüstəmov tədbir çərçivəsində keçirilən “Broadband connectivity” (Genişzolaqlı bağlantı) sessiyasında əsas spiker qismində çıxış edib.

Nazir müavini çıxışında dünyada və Azərbaycanda bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkədə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib.

O, statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin təxminən 85%-i internetdən istifadə edir.

“Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 Mbit/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”, - deyə nazir müavini vurğulayıb.

R. Rüstəmov əlavə edib ki, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığıdır və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk.

Nazir müavini çıxışının sonunda rəqəmsal transformasiyanın ölkəmizdə prioritet olduğunu qeyd edərək bu prosesin həyata keçirilməsində müasir İKT infrastrukturunun mövcudluğunun əhəmiyyəti barədə danışıb.

Tədbir çərçivəsində “Asiyanın inklüziv əlaqəliliyi və ortaq rifahı üçün Seul Bəyannaməsi” qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR