Azərbaycan və İran nəqliyyat sahəsi ilə bağlı məsələləri müzakirə edib - FOTO

Azərbaycan və İran nəqliyyat sahəsi ilə bağlı məsələləri müzakirə edib - FOTO
# 08 dekabr 2021 11:32 (UTC +04:00)

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR