BMT işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstəyini davam etdirəcək

BMT işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstəyini davam etdirəcək
# 17 iyun 2021 12:06 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzainin həmsədrliyi ilə 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin ilk iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri ölkənin BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığını və qlobal proqramların icrasına töhfə verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Bu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Hökuməti adından hesabatın təqdimatı keçiriləcəkdir.

İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında və işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib, ölkənin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə Çərçivə Sənədinin 2021-ci il üzrə icrasına dair birgə iş planları təsdiq edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR