Hava nəqliyyatı ilə qlobal yükdaşımaların həcmi sentyabrda 15% artıb

Hava nəqliyyatı ilə qlobal yükdaşımaların həcmi sentyabrda 15% artıb
# 04 noyabr 2021 12:34 (UTC +04:00)

Bu ilin sentyabr ayında dünyada hava nəqliyyatı ilə yükdaşımaların həcmi pandemiyadan əvvəlki ilin eyni ayı ilə (2019-cu ilin sentyabr ayı – red.) müqayisədə 9,1% artıb.

"APA-Economics" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumata istinadən xəbər verir ki, avqustda artım 7,5% təşkil edib.

2021-ci ilin sentyabr ayının göstəricisi isə 2020-ci ilin sentyabr ayının göstəricisini 15,1% üstələyib. Bununla yanaşı, avqustda 56%-lik azalmadan sonra, sentyabrda sərnişin hava nəqliyyatı böhrandan əvvəlki səviyyə ilə (2019-cu ilin sentyabr ayı – red.) müqayisədə 53,4% azalıb.

Sentyabrda beynəlxalq sərnişin hava daşımalarının həcmi 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 69,2%, ölkədaxili daşımaların həcmi isə 24,3% azaldığı bildirilir.

IATA-nın məlumatına görə, böhrandan əvvəlki səviyyəyə ən əhəmiyyətli azalma Asiya-Sakit okean regionunda (-69%) və Yaxın Şərqdə (-65,9%) qeydə alınıb.

Afrikada azalma 61,4%, Avropada 50,3%, Latın Amerikasında isə 39,4% təşkil edib. Nisbətən azalma Şimali Amerikada müşahidə olunub – 30,5%.

Assosiasiyanın məlumatına görə, pandemiyadan əvvəl, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında hava nəqliyyatı ilə yük daşımalarında ən böyük artım Afrikada (32,8%), Şimali Amerikada (22,6%) və Yaxın Şərqdə (17,6%) qeydə alınıb.

Avropada isə daha orta səviyyəli – 5,9%-lik artımın müşahidə olunduğu qeyd olunur. Latın Amerikası və Asiya-Sakit okean regionu ölkələrində azalma müvafiq olaraq 15,7% və 0,2% təşkil edib.

O cümlədən, beynəlxalq hava yükdaşımalarının həcmi 2019-cu ilin sentyabr ayına nisbətən 9,4%, 2020-ci ilin sentyabr ayına isə 18,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR