Özbəkistan və Türkmənistan Azərbaycan üzərindən yükdaşımalar üçün əlverişli şərait yaradacaq

Özbəkistan və Türkmənistan Azərbaycan üzərindən yükdaşımalar üçün əlverişli şərait yaradacaq
# 19 noyabr 2021 11:59 (UTC +04:00)

Özbəkistan və Türkmənistan Türkmənbaşı beynəlxalq dəniz limanı vasitəsilə Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal marşrutu üzrə yükdaşımalar üçün əlverişli şərait yaratmaq niyyətindədirlər.

"APA-Economics" Özbəkistan Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələ Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov və “Türkmən Dəmir Yolları" Agentliyinin sədri Azat Atamuradovun iştirakı ilə nəqliyyat məsələləri üzrə Özbəkistan-Türkmənistan işçi qrupunun iclasında müzakirə olunub.

Görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə "Özbəkistan-Türkmənistan-İran-Oman" beynəlxalq tranzit və nəqliyyat dəhlizinin bütün iştirakçıları ilə Aşqabad sazişi üzrə işlərin intensivləşdirilməsi müzakirə edilib.

Bundan başqa, pandemiya ilə əlaqədar bağlanan sərhəd-keçid məntəqələrinin işinin bərpası məsələsinə də baxılıb.

Qeyd edək ki, "Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" beynəlxalq multimodal marşrutunun inkişafı üzrə sazişlər 2019-cu ilin dekabrında Daşkənddə razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR