Rusiyanın ən böyük aviaşirkəti sərnişin daşımalarını 34% azaldıb

Rusiyanın ən böyük aviaşirkəti sərnişin daşımalarını 34% azaldıb
# 27 may 2021 12:07 (UTC +04:00)

Rusiyanın ən böyük aviaşirkəti olan "Aeroflot" bu ilin yanvar-aprel aylarında 4,642 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34,4% azadır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Aeroflot" qrupunun açıqlamasında deyilir.

Qeyd olunur ki, aviaşirkətin sərnişin dövriyyəsi ilin ilk dörd ayında 10,863 mlrd. sərnişin-kilometr təşkil edib ki, bu da illik ifadədə 44,3% azdır. Hesabat dövründə "Aeroflot"un sərnişin oturacaqlarının dolum səviyyəsi 8,2 faiz bəndi artaraq 73,5%-ə çatıb.

"Aeroflot" qrupu üzrə sərnişin daşımalarına gəldikdə, yanvar-apreldə qrup üzrə bu 10,390 mlrd. sərnişinə xidmət göstərilib, bu da ötən ilin eyni dövrünə nisbətən 6,6% azdır. Qrup üzrə sərnişin dövriyyəsi 26,3% azalaraq 21,522 mlrd. sərnişin-kilometr təşkil edib. Sərnişin oturacaqlarının dolum səviyyəsi 9,3 faiz bəndi artaraq 79,4%-ə bərabər olub.

"Aeroflot"un məlumatında həmçinin qeyd olunub ki, cari ilin aprel ayında qrupa daxil olan aviaşirkətlər ("Aeroflot", "Rossiya", "Avrora", "Pobeda") daxili aviareyslər üzrə sərnişin daşımalarını illik ifadədə 46,4 dəfə artıraraq 417,2 min nəfərə çatdırıb. Sərnişin dövriyyəsi 26,9 dəfə artaraq 1,428 mlrd. sərnişin-kilometr təşkil edib.

Təkcə "Aeroflot" aviaşirkəti daxili aviareyslər üzrə ötən ay 320,1 min sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 50 dəfə çoxdur. Qrupun əsas aviaşirkətinin sərnişin dövriyyəsi 33,7 dəfə artaraq 1,146 mlrd. sərnişin-kilometrə çatıb.

Aprel ayında qrup üzrə poçt və yükdaşımalar illik ifadədə 2,6 dəfə artaraq 21,818 min ton təşkil edib. Yanvar-apreldə isə qrupa daxil olan aviaşirkətlər 84,023 min ton poçt və yük daşıyıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,7% çoxdur.

"Cari ilin ilk dörd ayı və aprel üzrə əməliyyat nəticələrinə daxili daşımaların tədricən və beynəlxalq uçuşların qismən bərpası təsir göstərib. Hazırda aviaşirkət Rusiyanın tənzimləmə orqanlarının icazəsi əsasında BƏƏ, Maldiv adaları, Misir, Belarus, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Yaponiya, Serbiya, Finlandiya, Azərbaycan, Ermənistan, Hindistan və Seyşel adalarına məhdud sayda uçuşlar yerinə yetirilir", - "Aeroflot" qrupunun məlumatında deyilir.

Xatırladaq ki, "Aeroflot"un səhmlərinin 57,34%-i dövlətə məxsusdur. Səhmlərin 0,05%-i şirkət rəhbərliyinə məxsusdur, 40,65%-i sərbəst dövriyyədədir, 1,96%-i isə xəzinə səhmləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR