Bakı limanı Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilir - TƏHLİL

Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi

© APA | Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi

# 02 iyul 2021 11:06 (UTC +04:00)

Prezident İlham Əliyev iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak etdi.

Ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb.

Dünya standartlarına cavab verən Beynəlxalq dəniz limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın Avrasiyanın orta xətti üzərində yerləşən Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən nəqliyyat qovşağının mərkəzi iştirakçılarından birinə çevriləcək, ölkəmizin geoiqtisadi və strateji nəqliyyat statusunu daha da gücləndirəcək. Təsadüfi deyil ki, Beynəlxalq dəniz limanının və Ələt Azad İqtisadi Zonasının istifadəyə verilməsi fonunda dünyanın aparıcı dövlətlərinin regionumuza artan diqqəti müşahidə edilməkdədir.

Əslində, bir çox dövlət bu kimi vacib qlobal infrastruktur layihələrini reallaşdırmaq istəyərdi, lakin qlobal miqyaslı və qitələrin geosiyasi, geoiqtisadi mənzərəsini dəyişəcək bu kimi infrastrukturları reallaşdırmaq heç də hər kəsə müyəssər olmur. Azərbaycan isə son zamanlar dünyanın aparıcı nəqliyyat qovşağına və geoiqtisadi mərkəzlərindən birinə çevrilməyi bacarıb. Təsadüfi deyil ki, Böyük Britaniya, Çin, Aİ, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Rusiya və bir çox digər dövlət rəsmi Bakının Xəzərin qərb sahillərində qurmaqda olduğu bu meqalayihələrdə iştirak etmək istədiyini dəfələrlə bəyan edib.

Ələt Azad İqtisadi Zonasının yaradılması sözsüz ki, ölkəmizə mühüm iqtisadi-siyasi dividentlər gətirəcək. Burada xüsusilə qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın qlobal iqtisadi sistemə inteqrasiyasında, aparıcı şirkətlərin milli iqtisadiyyatlara sərmayə qoymasında, ölkənin iqtisadi və maliyyə cəhətdən güclənməsində azad iqtisadi zonalar xüsusi əhəmiyyətə malikdir.

Azad (xüsusi) iqtisadi zonaların yaradılması və fəaliyyətinin beynəlxalq təcrübəsi 1973-cü ildə Gömrük Əməkdaşlığı Şurası tərəfindən təqdim edilmiş “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında” VIII Kiot Konvensiyasında əks olunub.

Azad (xüsusi) iqtisadi zonalar gömrüksüz və ya imtiyazlı ixrac-idxal rejimi tətbiq edilən, digər ölkənin, digər bölgələrin valyuta-maliyyə vəziyyəti ilə fərqlənən, daha sərfəli iqtisadi və coğrafi mövqeyə malik olan ölkə ərazisi və ya onun hər hansı bir hissəsidir. Azad (xüsusi) iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericilik normaları (rejimi) altında fəaliyyət göstərir və onların bu fəaliyyəti ölkənin xüsusi qanunları ilə tənzimlənir. Bu cür zonaların yaradılması zamanı gömrük tənzimlənməsi və viza rəsmiləşdirilməsi, vergitutma, lisenziyalaşdırma, bank fəaliyyəti, mülkiyyət və girov münasibətləri, imtiyazların verilməsi, azad zonanın idarə edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Azad iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri var. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir.

Burada xüsusilə bir məsələni qeyd etmək lazımdı ki, heç də yaradılan bütün azad iqtisadi zonalar qarşılarına qoyulan məqsədləri reallaşdıra bilmir. Hazırda dünyada qlobal miqyasda sayılıb-seçilən azad iqtisadi zonalar cüzi saydadır. Onlar sırasında bizə yaxşı məlum olan Birləşmiş Ərəb Əmirliklərindəki Dubay iqtisadi zonasını, Çindəki müxtəlif azad zonaları misal gətirmək olar. Əminliklə deyə bilərik ki, Ələt Azad İqtisadi Zonası da beynəlxalq miqyasda aparıcı azad iqtisadi zonalardan birinə çevriləcək.

İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə yaradılan İqtisadi Zona həm də, Azərbaycan Respublikasında “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərinə uyğundur.

Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd həm də qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Digər tərəfdən, unutmayaq kı, hazırda iqtisadi gəlirlərinin əsas hissəsinin enerji resursları təşkil edən Azərbaycan üçün qeyri-enerji sektorunun inkişafı vacib istiqamətlərdəndir. Qeyri-neft sektorunun inkişafına dair dövlətimizin müxtəlif sahələrə artan diqqəti ilə yanaşı, Ələt İqtisadi Zonasının yaradılması ölkəmizin maliyyə imkanlarında neft-qaz resurslarından asılılığı azaldacaq, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Azad İqtisadi Zonanın yaradılmasına toxunan dövlət başçısı qeyd edib ki, “Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyllidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.

İnvestisiyalar haqqında danışarkən qeyd etmək lazımdır ki, ölkəmiz dünyada biznesin inkişafı, biznesə verilən dəstək istiqamətində qabaqcıl yerlərdən birini tutur. Təsadüfi Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerdədir. Ölkəmizin xarici investorlar üçün cəlbediciliyini gücləndirən digər amil müasir infrastrukturun mövcudluğudur. Elə bu məsələyə toxunan ölkə başçısı aşağıdakıları qeyd edib: “Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir”.

Təbii ki, hər bir ölkənin dayanıqlı inkişafı həm də onun kadr potensialından asılıdır. Burada son illər dövlətimiz tərəfindən gənclərin ölkə daxili ilə yanaşı, ölkə xaricindəki təhsillərinə diqqət etməsi vurğulanmalıdır. Çünki hazırda aparıcı şirkətlərdə çalışan kadrlarımızın bir qismi vaxtilə dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində ölkəmiz üçün prioritet sayılan ixtisaslarda təhsil alan şəxslərdir.

Sözsüz ki, ölkədəki siyasi sabitlik, kadr potensialı, coğrafi mövqe və xarici şirkətlər və dövlətlər üçün yaradılan şərait iqtisadi zonalar üçün mühüm əhəmiyyət kəsb edir.

Düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır. Qeyri-neft sektorunda həyata keçirilən irimiqyaslı islahatların, uğurla reallaşdırılan nəhəng nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən azad iqtisadi zonaların yaradılmasının vahid məqsəd və strategiyada birləşdirilməsi ölkəmizin, eləcə də regionun gələcək inkişafına böyük töhfələr verir.

Beləliklə, Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcək. Azad İqtisadi Zona yaxın gələcəkdə Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaq. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR