«Bakı Sığorta» şirkəti nizamnamə kapitalını iki dəfə artırır

«Bakı Sığorta» şirkəti nizamnamə kapitalını iki dəfə artırır
# 27 avqust 2008 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 3,5 min ədəd, emissiyanın ümumi həcmi isə 700 min manat təşkil edib. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edəcək. Birja mütəxəssislərinin fikrincə, «Bakı Sığorta»nın artıq bu ilin sentyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Səhmlərin yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı iki dəfə artaraq 1,4 mln. manata yüksələcək.
Qeyd edək ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Tural Sığorta» şirkəti 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir və ötən ilin oktyabrında şirkətin brendi «Bakı Sığorta»ya dəyişdirilib. Brendin dəyişdirilməsi şirkətin nəzarət səhm zərfinin «Bank Respublika» SKB tərəfindən alınması ilə bağlıdır.
«APA-Economics»in sığorta şirkətlərinin 2008-ci ilin yanvar-iyun aylarında daxilomalarının artım tempi üzrə hazırladığı renkinqə görə, sığorta şirkətləri sırasında haqlar üzrə ən çox artım «Bakı Sığorta» üzrə qeydə alınıb. Belə ki, bu sığorta şirkətinin son bir il ərzində sığorta haqlarının həcmi 35 dəfə (3418,18%) artaraq 3,87 mln. manata çatıb.
Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. Bu ilin yanvar-iyun aylarında sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 97,88 mln. manat, sığorta ödənişləri isə 22,01 mln. manat təşkil edib. Cari ilin iyul ayının 1-nə şirkətlərin məcmu nizamnamə kapitalı 77,678 mln. manata bərabərdir.
Cari ilin ilk yarısında «Bakı Sığorta» şirkətinin topladığı sığorta haqlarının respublika üzrə ümumi sığorta daxilolmalarının həcmində xüsusi çəkisi 3,95%, ölkə üzrə ümumi sığorta ödənişlərinin həcmində isə 1,4% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR