«BankworldInc» Azərbaycanın beş kommersiya bankı ilə anlaşma memorandumu imzalayıb

«BankworldInc» Azərbaycanın beş kommersiya bankı ilə anlaşma memorandumu imzalayıb
# 19 sentyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «BankworldInc» təşkilatı ilə Azərbaycanın 5 kommersiya bankı – «Azərdəmiryolbnk», «Royal Bank of Baku», «Muğan Bank», «AtraBank» və «NBCBank» arasında ölkədə kiçik və orta sahibkarlıq, həmçinin bu bankların inkişafına davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsinə dəstək məqsədi ilə anlaşma memorandumu imzalanıb. «APA-Economics»n məlumatına görə, memorandumu «BankworldInc» təşkilatının prezidenti Barat Barqava və 5 bankın İdarə Heyətinin sədrləri imzalayıb.
Tədbirdə USAİD-in Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirib ki, memorandum çərçivəsində göstəriləcək texniki yardım bankların inkişafına böyük təsir göstərəcək: «Bizim tərəfimizdən seçilən banklar kiçik və orta sahibkarlıq sahəsində digər banklarla rəqabəti daha da artıracaq».
«Royal Bank of Baku»nun İdarə Heyətinin sədri Zaur Fərzəliyev öz növbəsində bankın USAİD tərəfindən seçilməsi və texniki yardımın göstərilməsi ilə bağlı minnətdarlığını bildirib: «Ümid edirəm ki, bu texniki yardım nəticəsində bankın kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı, kreditlərin tənzimlənməsi və risklərin idarə olunması prosesləri, depozitlərin cəlb edilməsi, məhsulların inkişafı və əməliyyatlar imkanları daha da inkişaf edəcək. Plana uyğun olaraq, bankımız yaxın gələcəkdə USAİD-lə əlaqələri daha da genişləndirərək niyyətindədir».
Tədbirdə çıxış edən «Azərdəmiryolbank»ın İdarə Heyətinin sədri Roman Əmircanov USAİD tərəfindən banka göstərilən diqqəti yüksək qiymətləndirib. R.Əmircanovun sözlərinə görə, bu texniki yardım çərçivəsində bank üç istiqamət üzrə - kiçik və orta biznesə aid olan mütəxəssislərin hazırlanması, riskin qiymətləndirilməsi və bankın marketinq sahəsinin genişləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulub.
Qeyd edək ki, memoranduma əsasən, «BankworldInc» təşkilatı maliyyə vasitəçiliyi xidmətlərinin göstərilməsi üçün seçilmiş 5 banka kiçik və orta sahibkarlıq sahəsində ən yaxşı beynəlxalq təcrübəni təbliğ edərək məsləhət və treninq xidmətləri ilə təmin edəcək. Bu qlobal təcrübəyə kiçik və orta biznesə aid olan xidmətlərin və metodologiyanın qiymətləndirilməsi sahəsində kredit mütəxəssislərinin təlimi, mövcud proqramların keyfiyyəti, kreditlərin tənzimlənməsi və risklərin idarə edilməsi prosesləri, depozitlərin cəlb edilməsi, məhsulların inkişafı və yeni əməliyyat imkanları, səmərəli maliyyə hesabatlılığı və təhlil vasitələrinin yaradılmasında rəhbərliyin məlumatlandırma sistemlərinin istifadəsi daxildir.
Qeyd edək ki, layihəyə USAİD tərəfindən maliyyələşdirilir və təşkilat seçilmiş 5 banka dəstəyin göstərilməsinə 1 mln. ABŞ dolları ayıracaq. Layihənin müddəti bir ildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR