Azərbaycanın pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının alışı 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının alışı 3% artıb
# 16 aprel 2020 12:29 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 mlrd. manatlıq, o cümlədən 4,8 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9% artım, qeyri-ərzaq malları üzrə isə 0,5% azalma müşahidə olunub.

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7%-i ticarət müəssisələri, 47,8%-i fərdi sahibkarlar tərəfindən, 28,5%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5% artıb, fərdi sahibkarlar üzrə 1,1%, bazar və yarmarkalarda isə 11% azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR