Azərbaycanın qeyri-neft ixracının əksər hissəsi 11 ölkənin payına düşüb

Azərbaycanın qeyri-neft ixracının əksər hissəsi 11 ölkənin payına düşüb
# 18 may 2020 12:29 (UTC +04:00)

Azərbaycanın bu ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı üzrə əsas ölkələr məlum olub. Ölkənin qeyri-neft ixracının 89,4%-i 11 ölkənin payına düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,3%), Türkiyəyə (24,3%), Gürcüstana (10%), İsveçrəyə (9,5%), Çinə (2,8%), Ukraynaya (2,8%), İtaliyaya (2,6%), Qazaxıstana (1,8%), İrana (1,7%), ABŞ-a (1,4%), Almaniyaya (1,2%) göndərilmiş malların payı üstünlük təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2019-cu ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4% artıb, real ifadədə isə 5,2% azalaraq 429,0 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 91 ölkəyə məhsul ixrac, 142 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 695,3 mln. ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 4 058,3 mln. dollarını və ya 60,6%-ini ölkədən ixrac olunmuş məhsulların, 2 637,0 mln. dollarını (39,4%-ini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 421,3 mln. dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16%, real ifadədə 15,8%, o cümlədən idxal 32,9%, ixrac isə 4,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR