Neft Fondunun aktivləri 2%-dək azalıb

Neft Fondunun aktivləri 2%-dək azalıb
# 03 may 2021 14:40 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 182,1 mln. manat, büdcə xərcləri isə 2 519,9 mln. manat təşkil edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 468,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 696,6 mln. manat, bonus ödənişləri 765,9 mln. manat, tranzit gəlirləri 5,6 mln. manat təşkil edib.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714,0 mln. manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 513,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 mln. manat vəsait yönəldilmişdir. 2021-ci ilin ilk rübü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,5 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 027,5 mln. manat təşkil edib.

2021-ci il aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 761,3 mln. ABŞ dollarına bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR