Beynəlxalq Türk Akademiyası "Tonyukuk İli"nin rəsmi açılışını elan edib

Beynəlxalq Türk Akademiyası "Tonyukuk İli"nin rəsmi açılışını elan edib
# 24 aprel 2020 21:40 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının (BTA) təşəbbüsü ilə Bilgə Tonyukuk yazılı abidəsinin 1300 illiyinin rəsimi aşılışı UNESCO ilə əməkdaşlıq çərçivəsində beynəlxalq elmi konfransla başlayıb.

APA xəbər verir ki, bununla əlaqədar "Böyük Çölün Sivilizasiyası: Tonyukuk İrsi və Çağdaş Türk Dünyası" mövzusunda onlayn Beynəlxalq videokonfrans keçirilib.

Konfransda BTA-nın prezidenti Darxan Kıdırəli, UNESCO Baş Konfransı 40-cı sessiyasının sədri Altay Cengizer, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Türk Dil Qurumunun sədri Güler Gülsevin, Türk Şurası Macarıstan ofisinin rəhbəri Yanoş Hovari, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Monqolustan Milli Muzeyinin direktoru Daqvaadorj Suxbaatar, UNESCO Asiya və Sakit Okean Departamentinin rəhbəri Andrey Şevelev, bir sıra digər dövlət və elm xadimləri, ABŞ, Macarıstan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Rusiyadan tanınmış türkoloqlar məruzə ediblər.

Bununla yanaşı, konfransa dünyanın bir çox ölkəsindən tədqiqatçılar onlayn şəkildə dinləyici qismində qatılıb və sosial şəbəkə istifadəçiləri vebinarı canlı izləmək imkanı əldə edib.

Tədbirin moderatoru D.Kıdırəli 2020-ci ilin UNESCO tərəfindən “Tonyukuk İli” elan edildiyini və rəsmi açılış mərasiminin təşkilatın Parisdəki mənzil-qərargahında planlaşdırıldığını, lakin COVID-19 pandemiyası səbəbindən onlayn şəkildə keçirildiyini diqqətə çatdırıb. O, il ərzində Akademiyaya üzv ölkələrdə Tonyukuk abidəsinin 1300 illiyinə həsr olunan müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.

UNESCO Baş Konfransı 40-cı sessiyasının sədri Altay Cengizer Tonyukuk mirasının dünya sivilizasiyası üçün böyük əhəmiyyət daşıdığını, bu baxımdan onun yubileyinin UNESCO ilə əməkdaşlıq çərçivəsində keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb.

TÜRKPA Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digərləri Tonyukuk abidəsinin ildönümünün yalnız qardaş xalqlar deyil, bütün dünya mədəniyyəti üçün əlamətdar bir hadisə olduğunu qeyd ediblər.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Orxon-Yenisey abidələrini, o cümlədən Tonyukuk daş kitabəsini türk xalqlarının milli-mənəvi varlığına və qəhrəmanlığına ucaldılmış əbədiyyət abidəsi kimi xarakterizə edib. Onun sözlərinə görə, yazılı abidələr indiyədək daha çox dilçilər tərəfindən tədqiq olunsa da, onlar daha çox bədii-publisist üslubda yazılmış sənədli miniatür-mənsur ədəbiyyat nümunələridir.

Tanınmış türkoloq alimlər Timur Kocaoğlu, Yulay Şamiloğlu (ABŞ), İştvan Zimoni (Macarıstan), Mırzatay Joldasbekov (Qazaxıstan), Kadıralı Konkabayev (Qırğızıstan), Osman Fikri Sertkaya, Cengiz Ayilmaz, Ahmet Taşağıl, Erhan Aydın (Türkiyə), Viktor Butanaev (Rusiya), İrina Nevskaya (Almaniya), Qaybulla Babayarov (Özbəkistan), Daqvaadorj Suxbaatar (Monqolustan) və digərləri konfransın plenar iclasında qədim türk yazılı abidələrinin xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində Tonyukuk yazısının dünyanın 12 müxtəlif dilinə tərcümə edilmiş və elmi transkripsiyası verilmiş BTA tərəfindən hazırlanan "Bilgə Tonyukuk" unikal nəşrinin təqdimatı da keçirilib.

Konfransın yekunu olaraq, Göytürk Xaqanlığının 4 hökmdarına vəzirlik etmiş, böyük dövlət xadimi, diplomat Bilgə Tonyukukun adının əbədiləşdirilməsi məqsədilə adına məktəb, küçə, park, xiyaban verilməsi, daş kitabənin surətinin muzeylərdə sərgilənməsi üçün üzv dövlətlərə müraciət olunması qərara alınıb. Eyni zamanda, türk xalqlarının ortaq abidəsi olan Tonyukuk kitabəsinin Ümumdünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-ya rəsmi çağırış edilməsi qərarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR