“Facebook” rusiyalı hərbi ekspertin səhifəsini yenidən bloklayıb

İqor Korotçenko

© APA | İqor Korotçenko

# 22 noyabr 2021 15:46 (UTC +04:00)

“Facebook” sosial şəbəkəsi Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun səhifəsini yenidən bloklayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, barədə İ. Korotçenko özünün “Telegram” kanalında bildirib.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi vəhşiliklər haqqında faktları blok etməklə “Facebook” və Mark Zukerberqin bəşəriyyətə qarşı cinayət törədənlərə haqq qazandırdığını və “de-fakto” onların ortaqlarına çevrildiyini qeyd edib: ““Facebook” administrasiyası artıq ikinci dəfədir ki, Kaliforniyadakı dünya erməni lobbisinin çoxsaylı xahişləri nəticəsində mənim hesabıma girişi bloklayır”.

O, buna səbəb kimi səhifəsində azad edilmiş ərazilərdə ermənilərin hərbi cinayətlər törətməsinə dair filmin yerləşdirilməsini göstərib: “Bu filmdə qeyd olunan faktları daha əvvəl Azərbaycanın azad edilmiş ərazilərinə səyahət etmiş xarici səfirlər və çoxsaylı xarici jurnalist nümayəndə heyətləri görüblər. Lakin, görünür ki, bu, “Facebook” üçün əhəmiyyətsizdir və Ermənistan üçün ölümcül olan həqiqətin qarşısını almaqdan ötrü alət kimi çıxış etmək vacibdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Facebook” rusiyalı ekspertin Şuşa ilə bağlı paylaşımına görə səhifəsinə üç günlük qadağa qoymuşdu. Mediada bu barədə məlumatlar dərc olunduqdan sonra isə “Facebook” qadağanı götürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR