Gürcüstan müxalifəti hakimiyyətə ultimatum verib

Gürcüstan müxalifəti hakimiyyətə ultimatum verib
# 29 yanvar 2008 15:50 (UTC +04:00)
Gürcüstanda yanvarın 5-də keçirilən seçkilərdə prezidentliyə namizəd olmuş müxalifətçilər 17 tələblə çıxış edərək bu tələblərin yerinə yetirilməsi üçün hakimiyyətə fevralın 15-nə qədər vaxt veriblər. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, tələblərin əks olunduğu Memorandumu Levan Qaçeçiladze, David Qamkrelidze və Georgi Maisaşvili imzalayıblar. Memorandumda seçki dairələrində beynəlxalq müşahidəçilərin iştirakı ilə səslərin yenidən hesablanması, səsvermə günü baş verən pozuntuların araşdırılması, günahkarların cəzalandırılması, siyasi məhbusların azadlığa buraxılması, İctimai Televiziyanın Yayım Şurasının hakimiyyətlə müxalifət arasında paritet əsasda formalaşdırılması və baş direktorun iki tərəfin razılığı ilə müəyyənləşdirilməsi, parlament seçkilərinin aprel ayında keçirilməsi, majoritar sistemin ləğvi, MSK sədrinin ortaq razılıq əsasında seçilməsi, beynəlxalq təşkilatların bütün tələblərinin yerinə yetirilməsi və digər müddəalar əksini tapıb. L. Qaçeçiladze bildirib ki, hakimiyyət tələbləri yerinə yetirməsə, ölkədə haqq-ədalətin bərpası üçün ümumxalq hərəkatının ikinci dalğası başlayacaq, fevralın 15-də isə parlamentin binası qarşısında irimiqyaslı, fasiləsiz etiraz aksiyasına start veriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR