Mədəniyyət naziri: “Biz Qarabağa kitabla, mədəniyyətlə qayıdırıq”

“Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimat mərasimi

© APA | “Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimat mərasimi

# 03 noyabr 2021 17:48 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidlərin ruhu bir dəqiqəlik sükuta anılıb. Sonra çıxış edən Anar Kərimov bildirib ki, bu kitabların nəşrində əsas məqsəd erməni vəhşiliklərini dünyaya çatdırmaqdır: "Hamınızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Otuz ildir ki, Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Bizim nəsil xoşbəxt nəsildir ki, bu günü, tariximizin ən qürurlu günlərini yaşayırıq. Sevinirik ki, 30 ildən sonra mədəniyyət beşiyimiz Qarabağ azaddır”.

Hazırda Qarabağda böyük quruculuq işləri başlandığını deyən nazir bu qayıdışda mədəniyyətin böyük rolu olduğunu vurğulayıb: “İl ərzində böyük tədbirlər keçirildi. Mədəni ruhumuz, kimliyimiz ora qayıdır. Digər önəmli layihələrimizdən biri "Qarabağa kitabla gedək" layihəsidir. Biz Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu zəfərin, erməni vəhşiliklərinin dünyaya tanıdılması böyük əhəmiyyət kəsb edir. Bugünkü kitablar da məhz bu məqsədə xidmət edir. Bu kitablar üç dildə nəşr olunur. Ermənilər bu illərdə Azərbaycanın mədəniyyət izlərinin silinməsin çalışıblar. Bu cinayət bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu layihələri həyata keçirməkdə məqsədimiz erməni vəhşiliklərini dünyaya çatdırmaqdır. Mədəniyyət Nazirliyi olaraq belə təşəbbüslərə daim dəstək oluruq."

Qeyd edək ki, yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.

“İrs” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri”adlı kitablar işıq üzü görüb. “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara tanıdır, təbliğ edir.

Kitablarda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR