MM-də Mədəniyyət Strategiyası ilə bağlı müzakirələr aparılacaq

MM-də Mədəniyyət Strategiyası ilə bağlı müzakirələr aparılacaq

© APA | MM Mədəniyyər Komitəsinin iclası

# 14 sentyabr 2021 17:10 (UTC +04:00)

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib.

Müzakirəyə əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. İclasda Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.

İş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

Sonra iclasda Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Qənirə Paşayeva bildirib ki, layihədə “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə komitə öz rəyini bildirməlidir. Bildirilib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqları ilə bağlıdır.

Müzakirələr zamanı Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Ülviyyə Həmzəyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Çıxış edənlər komitənin hesabatını yüksək qiymətləndiriblər, komitənin yaradıcı insanlara göstərdiyi diqqəti təqdirlə qarşılayıblar, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Deputatlar komitənin gündəliyinə çıxarılan qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə ediblər.

İclasda deputat Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR