Azərbaycan boksçuları Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Azərbaycan boksçuları Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb
# 06 iyun 2021 21:37 (UTC +04:00)

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Apasport.az saytının məlumatın görə, bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb.

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda ukraynalı Tsotne Roqavaya qalib gəlib.

Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 28-ə çatıb. Abdullayev bu siyahıda beşinci boksçudur. Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.

Boksçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya), badmintonçu Edi Reski Dviçayo da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR