Prezident İlham Əliyev: “Zəfər paradı bütün gələcək nəsillər üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi”

Prezident İlham Əliyev: “Zəfər paradı bütün gələcək nəsillər üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi”
# 24 sentyabr 2021 12:58 (UTC +04:00)

“Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin sizin düzgün olaraq dediyiniz kimi bu, Zəfər paradı idi: “Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi. Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi. Təbii ki, orada hərbi texnikanı nümayiş etdirdik, müharibə iştirakçıları paraddan keçdilər”.

Prezident Ermənistan ordusundan qənimət götürülmüş hərbi yük maşınlarının və hərbi maşınların nömrələrindən ibarət divarın nümayiş etdirilməsinə toxunub: “Biz bunu nə üçün etdik? Ona görə ki, Birinci Qarabağ müharibəsində insanlar öz əmlakını, o cümlədən şəxsi avtomobillərini atıb qaçanda ermənilər bizə bizim onların getməsinə verdiyimiz vaxtı vermədilər, onlar Azərbaycan xalqını alçaltmaq üçün həmin şəxsi avtomobillərin nömrələrindən bir divar düzəltmişdilər, hərçənd, əslində, bu divar onların hərbi cinayətlərinə dəlalət edirdi. Ona görə ki, dinc əhaliyə qarşı vuruşmaq, xüsusən qarət edilənləri belə nümayişkaranə şəkildə göstərmək, hərbi cinayətdir. Lakin onlar bunu etdilər və bunu turistlərə, işğal dövründə qanunsuz olaraq bu regiona gələn müxtəlif siyasətçilərə nümayiş etdirirdilər. Buna görə biz onlara cavab verməli idik, lakin bizim cavabımız da layiqli oldu. Biz bu pannonu düzəltdik, hazırda o, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o, bütünlüklə atılmış və qənimət götürülmüş yük maşınlarının nömrələrindən ibarətdir. Onların üzərində “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yazılıb. Mənim fikrimcə, bu, həmin paradın kulminasiyası idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR