Azərbaycan hökuməti «Doing Business-2009» hesabatının nəticələri ilə bağlı təqdimat keçirib

Azərbaycan hökuməti «Doing Business-2009» hesabatının nəticələri ilə bağlı təqdimat keçirib
# 12 sentyabr 2008 11:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, Azərbaycanın «Doing Business-2009» hesabatında 96-ci yerdən 33-cü yerə yüksəlməsi böyük nailiyyətdir. Belə ki, bu hesabatda bu cür artım göstəricisi heç vaxt qeydə alınmayıb. Ölkədə bir sıra islahatların və ümumiyyətlə iqtisadi inkişafın templərindən danışan nazir qeyd edib ki, hazırda Azərbaycanda özəl sektorun ümumi daxili məhsulda (ÜDM) payı 84% təşkil edir, ilin sonunadək isə bu göstərici daha da yüksək olacaq. Bundan başqa H.Babayev bildirib ki, hesabat ölkədə aparılan islahatlar üzrə tərtib olunub: «İslahatların 7-si üzrə Azərbaycan müsbət nəticə göstərib, digər aşağı göstəricilər isə nöqsan kimi deyil, potensial kimi qiymətləndirilməlidir». Nazir həmçinin qeyd edib ki, birgə fəaliyyət nəticəsində ölkənin uğurları davam edəcək və xarici investorların Azərbaycana marağı daha da artacaq.
Tədbirdə çıxış edən IFC-nin regional direktoru Şahbaz Mavadaat qeyd edib ki, Azərbaycan apardığı islahatları daha da sürətləndirmək niyyətindədir və bunun nəticəsində ölkənin gəlirləri artacaq, xərcləri isə azalacaq. Ş.Mavadaat həmçinin bildirib ki, bu ilin əvvəlindən Azərbaycanın sahibkarlıq subyektlərinin dövlət qeydiyyatında tətbiq olunan «bir pəncərə» sistemi hüquqi şəxslərin sayının 40% artmasına səbəb olub.
Təqdimatda iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə ölkənin məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunub və qeyd edib ki, son 8 il ərzində bu sahədə köklü dəyişikliklər həyata keçirilib və yeni məhkəmə instansiyaları, o cümlədən iqtisad məhkəmələri yaradılıb.
Tədbirdə çıxış edən Azərbaycanın vergilər naziri Fazil Məmmədov isə öz növbəsində vergi orqanlarında aparılan islahatlardan danışıb və qeyd edib ki, ilin əvvəlindən «bir pəncərə» sistemi vasitəsilə 32 min iş adamı qeydiyyatdan keçib: «Hesabatın nəticələrinə baxmayaraq, Vergilər Nazirliyi islahatları davam etdirəcək».
Tədbirdə həmçinin Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış edib. E.Rüstəmov qeyd edib ki, Azərbaycan qısa müddət ərzində gəlirli ölkəyə çevrilib, yoxsulluq azaldılıb, iqtisadi inkişaf davam etdirilib: «Son 5 il ərzində ölkənin bank sektorunda böyük nailiyyətlər əldə olunub və əksək göstəricilər 10 dəfə artıb. Bank sektorunun ölkə iqtisadiyyatının qeyri-neft sektorunu əhatə dərəcəsi 16%-dən 80%-ə artıb. Ölkənin bank sistemi xarici təşkilatlardan ümumilikdə 2 mlrd. ABŞ dollarından artıq vəsait cəlb edib. Bundan başqa, mövcud iki dövlət bankından biri özəlləşdirilib». E.Rüstəmov həmçinin bildirib ki, Azərbaycan DB ilə birgə «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində 1 200 poçt şöbəsini əhatə edən poçt-bank sistemi yaradacaq.
Tədbirdə çıxış edən Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirib ki, «Doing Business-2009» hesabatında «Əmlakın qeydiyyatı» kateqoriyası üzrə Azərbaycanın 63-cü yerdən 9-cu yerə keçməsi böyük nailiyyətdir. Aparılan islahatlardan danışan A.Qaraşov qeyd edib ki, ötən 2,5 il ərzində ölkədə dövlət reyestrində qeydiyyata düşən müəssisələrin sayı 263,2 min, ipoteka qeydiyyatı 40 min, ümumi aktivlik isə 65% artıb: «Bu ilin 8 ayı ərzində dövlət reyestri qeydiyyatından 83,4 min obyekt keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6% çoxdur».
Toplandı çıxış edən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə qeyd edib ki, mülkiyyət hüquqlarının qorunması iqtisadiyyatın yaxşılaşdırılmasına təkan verir. Son illər ərzində ölkənin iqtisadi qanunvericiliyində aparılan islahatlarından danışan Z.Səmədzadə bildirib ki, hazırda parlamentdə Rəqabət Məcəlləsinin layihəsi III oxunuşda müzakirə olunur: «Yaxın vaxtlarda isə Milli Məclisdə «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi müzakirəyə çıxarılacaq».
«Doing Business-2009» hesabatının Azərbaycan üzrə nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Ələkbər Məmmədov isə qeyd edib ki, Azərbaycanda iş adamı rəqabətə davamlıdır və öncəkindən bir qədər fərqlənir: «Bundan başqa, sahibkarların sayı gündən-günə artır». Hesabatın Azərbaycan üzrə nəticələrindən razı qaldığını deyən Ə.Məmmədov vurğulayıb ki, gələn ilki hesabatda meyarların sayının 12-13-ə çatdırılması mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR