Bakıda ABŞ Kommersiya Departamentinin ofisi açılıb

Bakıda ABŞ Kommersiya Departamentinin ofisi açılıb
# 26 sentyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyi nəzdində yeni ABŞ Kommersiya Departamentinin ofisinin açılış mərasimi keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi qeyd edib ki, hər iki ölkə tərəfdaş kimi müxtəlif məsələlər üzərində işləyir və təhlükəsizlik, enerji məsələləri, demokratik və iqtisadi islahatlar, xalqlar arasında mübadilə sahəsində əməkdaşlıq edir: «Kommersiya məsələləri üzrə müşavirin səfirlikdə fəaliyyətə başlayacağı faktı qeyd edilən əməkdaşlıq sahəsində təbii və növbəti addımdır. Biz ümid edirik ki, yeni kommersiya məsələləri üzrə müşavirin köməyi ilə biz ikitərəfli şəkildə sərmayələrin, xüsusən də Azərbaycanın sabit gələcəyinin uzun ömürlüyünü təmin edən və geniş imkanlar təqdim edən qeyri-neft sektorlarına qoyulacaq sərmayələrin müntəzəm artmasının şahidi olacağıq».
ABŞ Kommersiya Departamentinin başçısının müavini Pol Dik (Paul Dyck) isə yeni ofisin açılmasını amerikalı ixracatçıların Azərbaycan bazarına artan marağını əks etdirdiyini, həmçinin iki dövlət arasında biznes əlaqələrinin güclənməsi istiqamətində böyük imkanlar yaradacağını bildirib: «Yeni açılan ofis ABŞ şirkətləri ilə əlaqə yaradaraq Azərbaycan bazarında kommersiya baxımından önəmli olan imkanları araşdıracaq, həmçinin ABŞ-Azərbaycan kommersiya əlaqələrinin güclənməsinə təkan verəcək».
Qeyd edək ki, ABŞ Kommersiya Xidməti ABŞ-ın 100-dən çox şəhərində və dünyanın 76 ölkəsində ixrac əməliyyatlarını aparmaq üçün öz köməyini təklif edir. Ticarətin geniş təşviq edilməsi ilə yanaşı Bakıda fəaliyyət göstərən yeni ofis məsləhət, sifarişli bazar tədqiqatları, vəkillik və biznes tərəfdaşlarının axtarılması üzrə xidmətlər göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR