Azərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib

Azərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib
# 07 oktyabr 2008 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il dövlət büdcəsindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi üçün Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ayrılmış vəsaitin həcmi 2 dəfə artırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsindən SKMF-yə ayrılan vəsaitin 160 mln. manata çatdırılması nəzərdə tutulur. Artıq bu məqsədlə təkliflər hazırlanaraq hökumətə təqdim olunub.
Fond rəhbərinin bildirdiyinə görə, bu günədək 2008-ci il büdcəsindən SKMF-yə ayrılan vəsaitin təxminən 68 mln. manatı sahibkarlara güzəştli kredit şəklində verilib.
«Kreditlərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldilir. Kreditlərin və faizlərin qaytarılması 100% təşkil edir və heç bir problem yoxdur», - deyə X.Məmmədov əlavə edib.
X.Məmmədov onu da vurğulayıb ki, Fondun vəsaitinin banklar vasitəsi ilə verilməsində qarşıya çıxan problemlər kiçik layihələrin maliyyələşdirilməsi zamanı fermerlərin girov problemləri, sənədləşmə, bankla münasibətlərin düzgün qurulmaması və s. bağlıdır. X.Məmmədov əlavə edib ki, bankların kredit verilməsini dayandırmaları SKMF-nin fəaliyyətinə heç bir təsir göstərməyib.
Qed edək ki, SKMF vəsaiti banklara illik 1%-dən, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə verir. Bu il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat ayrılması nəzərdə tutulub (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına). Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR