Bakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir
# 08 oktyabr 2008 09:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev qonaqlara ölkənin iqtisadi inkişafı, aparılan islahatlar, «bir pəncərə» sisteminin tətbiqi, Azərbaycanın Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı «Doing Business-2009» hesabatında tutduğu mövqeyindən məlumat verib. Nazir qeyd edib ki, aparılan islahatlar davam etdiriləcək, qanunvericilik bazası və rəqabətə davamlılıq prinsipləri gücləndiriləcək.
H.Babayev həmçinin bildirib ki, 2009-cu ildə yeni xarici şirkətlərin Azərbaycana sərmayə yatırması gözlənilir.
«Forum çərçivəsində gələcəkdə Azərbaycanın Finlandiyaya investisiya qoyuluşu məsələləri də müzakirə olunacaq», - deyə H.Babayev qeyd edib.
Tədbirdə çıxış edən Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib ki, Azərbaycanla Finlandiya arasında iş əlaqələrinin yaradılması üçün böyük potensial mövcuddur: «Ümid edirəm ki, Azərbaycan qısa bir müddət ərzində Ümumdünya Ticarət Təşkilatına üzv olacaq və bu, iki ölkə arasında daha sıx əməkdaşlığı təmin edəcək».
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda daxili tələbat getdikcə artır və Finlandiya Azərbaycanda tərəfdaşlar taparaq burada öz biznes imkanlarından istifadə etmək niyyətindədir.
Finlandiya hökuməti tərəfindən aparılan islahatlardan danışan P.Vayuryunen qeyd edib ki, Finlandiyada ümumi daxili məhsulun artım tempi 3,5% təşkil edir.
«Finlandiya idxal olunan enerjidən asılıdır və biz məhz bu məhsulların alınmasında maraqlıyıq. Ümid edirəm ki, bu forum uğurlu olacaq və iki ölkənin şirkətləri arasında bir sıra müqavilə imzalanacaq», - deyə P.Vayuryunen bildirib.
Bundan başqa, tədbirdə Azpromo-nun prezidenti Emil Məcidov «Azərbaycanda sərmayə imkanları və biznes mühiti» təqdimatı ilə çıxış edib.
Qeyd edək ki, biznes-forumda tikinti, bank, İT, meşə təsərrüfatı, təhsil və digər sahələrdə fəaliyyət göstərən 20 Finlandiya və 60 Azərbaycan şirkətinin nümayəndələri iştirak edir. Forum çərçivəsində şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR