Azərbaycanda martda 683 vergi ödəyicisində qanun pozuntusu faktı aşkarlanıb

Azərbaycanda martda 683 vergi ödəyicisində qanun pozuntusu faktı aşkarlanıb
# 07 aprel 2009 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən martın 2-dən 29-dək keçirilmiş operativ nəzarət tədbirləri zamanı 683 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Bu zaman 328 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 78 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 34 vergi ödəyicisi aşkar edilib, 145 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 26 vergi ödəyicisində 29 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 28 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 18 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 11 vergi ödəyicisində 386,5 manat dəyərində 88 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR