Azərbaycanda yanvar-mart aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı açılan cinayət işlərinin sayı 19% artıb

Azərbaycanda yanvar-mart aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı açılan cinayət işlərinin sayı 19% artıb
# 10 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cari ilin yanvar-mart aylarında vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 75 cinayət işi başlanıb ki, bu da 2008-ci ilin eyni dövründə başlanmış cinayət işlərinin sayından 19,1% çoxdur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İbtidai istintaqı tamamlanmış 15 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 3 iş, qanunsuz sahibkarlığa görə 1 iş və aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 1 iş, cəmi 6 nəfər barəsində 5 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisənin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 8 cinayət işinə xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 6,965 mln. manat və cinayət işi başlanması rədd edilmiş materiallar üzrə isə 1,287 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Bu da 2008-ci ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 34 dəfə çoxdur.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 9 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib. Daxil olmuş əməliyyat məlumatları və müraciətlər üzrə müvafiq tədbirlər həyata keçirilərək, 9 şəxs haqqında toplanmış materiallar aidiyyəti vergi orqanlarına göndərilib. Vergi yoxlamalarından yayınan 18 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 4 şəxs isə tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilib və ibtidai istintaqdan yayınan 25 şəxsin məcburi qaydada gətirilməsi təmin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR