Azərbaycanda bu il 10 mində çox kommersiya qurumu yaradılıb

Azərbaycanda bu il 10 mində çox kommersiya qurumu yaradılıb
# 07 dekabr 2021 13:37 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycanda uçotda olan 1 321 539 vergi ödəyicisinin 87,8%-i fiziki şəxslər, 12,2%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,9%, o cümlədən kommersiya qurumlarının sayı 8,4% artıb.

Yanvar-noyabr ayları ərzində 10 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçən kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib. 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə edilib.

Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.

Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7780 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə ötən ilə nisbətən 2,5% artıb.

Bu ilin 1 dekabr tarixinə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41 543 vahid təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR