Bakıda keçirilən Azərbaycan-Türkmənistan neft-qaz konfransı başa çatıb

Bakıda keçirilən Azərbaycan-Türkmənistan neft-qaz konfransı başa çatıb
# 10 sentyabr 2008 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda keçirilən «Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası» adlı iki günlük konfrans bu gün başa çatıb. «APA-Economics»in məlumatına görə, bugünkü konfransın birinci plenar sessiyası neft-qaz komplekslərinin inkişafında regional əməkdaşlıq məsələləri, beynəlxalq və regional investisiya layihələrinə həsr olunub.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında Azərbaycanın neft potensialı, neft sənayesinin tarixi, həyata keçirilən layihələr, o cümlədən Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri haqqında ətraflı məlumat verib.
X.Xələfovun sözlərinə görə, konfransın keçirilməsində məqsəd şirkətlər və dövlətlər arasında neft sahəsində danışıqlar və fikir mübadilələrinin aparılması, həmçinin mövcud əməkdaşlığın genişləndirilməsindən ibarətdir: «Bu konfransın həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Konfransın keçirilməsi dövlətlər arasında aparılan faydalı fikir mübadiləsi, regionda gələcək enerji və kommunikasiya layihələrinin inkişaf etməsinə böyük töhfə verəcək. Konfrans göstərib ki, Azərbaycan-Türkmənistan rəqib deyil, açıq əməkdaşlığa hazır olan ölkələrdir. Bu əməkdaşlıq həm ölkələrimiz üçün, eyni zamanda region dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaranması üçün zəruridir. Artıq bu mühit mövcuddur və biz bu mühitin daha da yaxşılaşmasının tərəfdarıyıq».
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təbii sərvətlər sektorunun parıcı bankiri Olvin Baldunun (Olwin Buldhoo) sözlərinə görə, Azərbaycan son illər ərzində regionda iqtisadi cəhətdən xeyli möhkəmlənib: «Bizim bank Azərbaycan hökuməti, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə yaxından əməkdaşlıq edir. Neftlə bağlı layihələrin maliyyələşdirilməsi, texniki yardımların göstərilməsi məsələsində EBRD hökumətlə sıx əlaqə yaradıb. Eyni zamanda, neft sektoru ilə yanaşı ölkədə kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir».
Enerji Siyasəti və İnkişaf Mərkəzinin direktoru Dmitrios Mavrakis isə öz növbəsində «Nabucco» layihəsinin icrasından sonra region və iştirakçı dövlətləri gözləyən dividendlərdən danışıb. Onun sözlərinə görə, bu layihə 25 il müddətinə nəzərdə tutulub və həm Avropadakı istehlakçılar və tranzit dövlətlər, həmçinin ixracatçı ölkələrin yerləşdiyi regionlar üçün mühüm əhəmiyyət kəsb edəcək.
Plenar sessiyanın ekologiya, elm və təhsil sessiyasında isə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. Nazir tolantı iştirakçılarına Azərbaycanda ətraf mühitin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyini bildirib: «Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi prosesində ətraf mühitin qorunması əsas məsələlərdən biridir. Hazırda neft sənayesində ən çox ziyan çəkmiş Abşeron yarımadasında artıq neftlə çirklənmiş torpaqların təmizlənməsi işi aparılır. Prosesin sürətləndirilməsi üçün həmin ərazidə yeni təmizləyici qurğular quraşdırılır. Neftlə çirklənmiş ərazidə artıq 9 stansiya işə salınıb ki, bu da Xəzər dənizinin suyunun təbii vəziyyətinə gətirilməsinə şərait yaradacaq».
Tədbirin sonunda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev respublikanın neft-qaz potensialından, bu sahədəki elmin hazırkı vəziyyəti, həmçinin, konfransın məhz Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, konfransda 27 ölkədən 420 nümayəndə iştirak edib. Türkmənistan konfransa hökumət, dövlət qurumları və şirkətlərinin rəhbərlərindən ibarət 58 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Nümayəndə heyətinə «Türkmənqaz» Dövlət Şirkətinin prezidenti Baymurad Xocaməhəmmədov rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR