Azərbaycan OPEC+ çərçivəsində öhdəliyi 160% yerinə yetirib

Azərbaycan OPEC+ çərçivəsində öhdəliyi 160% yerinə yetirib
# 05 dekabr 2019 10:54 (UTC +04:00)

Proqnoz göstəricilərinə əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 764 min barel təşkil edib.

Bu barədə “APA-Economics”ə Energetika nazirinin müşaviri mətbuat katibi Zəminə Əliyevə bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycan OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatına daxil olmaya ölkələr) üzrə neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmanın çərçivəsində üzərinə götürən öhdəliyi 160% yerinə yetirib.

“Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib”, - deyə, Z. Əliyeva əlavə edib.

Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, yanvar-oktyabr Azərbaycanda gündəlik orta neft hasilatı 762 min barel təşkil edib ki, bu da OPEC+ çərçivəsində götürülən öhdəliyin 170% yerinə yetirilməsi deməkdir.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Qeyd edək ki, cümə axşamı və cümə günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gələcəklər. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR