Azərbaycanda istilik mövsümünə hazırlıq tədbirləri sürətləndirilə bilər

Azərbaycanda istilik mövsümünə hazırlıq tədbirləri sürətləndirilə bilər
# 16 oktyabr 2020 16:41 (UTC +04:00)

Azərbaycanda builki istilik mövsümünə hazırlıqla bağlı tədbirlər sürətləndirilə bilər.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, bununla bağlı müəssisənin rəhbərliyi tərəfindən müvafiq struktur bölmələrə tapşırıqlar verib. Belə ki, istilik mövsümünə tez başlanılacağı təqdirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzləşdirilmiş qazanxanaları qazla təmin edən qaz xətlərinin saz vəziyyətdə olmasına nəzarət gücləndiriləcək, qarşılıqlı olaraq sifarişçi təşkilatla iş fəaliyyəti qurulacaq. Aşkarlanan qüsurlar isə dərhal aradan qaldırılacaq.

Qeyd olunur ki, Energetika Nazirliyindən “Azəriqaz”a daxil olan rəsmi məktubda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə koronavirus infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2020-ci il 02 noyabr tarixinə qədər uzadılıb. Eyni zamanda son bir neçə gündə yoluxma hallarının artması nəticəsində regionlarda karantin rejiminin sərtləşdirilməsi tədbirləri görülür. Məhdudiyyətlərin tətbiq olunması və müəyyən qadağaların sərtləşdiriləcəyi nəzərə alınarsa, vətəndaşların fərdi yaşayış evləri və mənzillərində daha çox olacağı qaçılmazdır. Məhz bu səbəbdən istilik mövsümünə daha tez başlanılmasına qərar verilərsə, əhalinin istilik təchizatında çətinliklərin yaranmaması üçün mövsümə hazırlıq bağlı müvafiq tədbirlərin sürətləndirilməsinə zərurət yarana bilər.

Xatırladaq ki, ölkə üzrə istilik mövsümünə keçid respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR