"AzerGold" işçilərin sayını kəskin artırmaq niyyətindədir

"AzerGold" işçilərin sayını kəskin artırmaq niyyətindədir
# 06 iyul 2021 12:03 (UTC +04:00)

“AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası uyöun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata yazılı açıqlamasında deyilir.

Onun sözlərinə görə, dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir. Hazırkı dövrdə isə şirkətimiz dövlət büdcəsindən asılılığın böyük miqyasda azaldılmasına nail olub.

“AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də Cəmiyyətin mədən ərazilərində fəaliyyət göstərən tərəfdaş şirkətlərin 1000 nəfər əməkdaşı vahid bir amal uğrunda, ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfə vermək niyyəti ilə çalışır.

“Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Bir qədər öncə haqqında bəhs etdiyim strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub”, - deyə Z. İbrahimov vurğulayıb.

Sözügedən mərhələnin 2029-2031-ci illəri əhatə etməsi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR