Ağdamın hansı mənbələr hesabına su ilə təmin ediləcəyi açıqlanıb

Ağdamın hansı mənbələr hesabına su ilə təmin ediləcəyi açıqlanıb

© APA | Əli Əliyev

# 06 iyul 2021 17:47 (UTC +04:00)

“Artıq Ağdamda böyük vüsətlə işlərə başlamışıq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Ağdamda bildirib.

O, yeni “smart” şəhərin salınmasına başlanıldığını deyib: “Təbii ki, bu məsələdə yeraltı və yerüstü suların çox böyük önəmi var. Ağdam rayonu ərazisində sular 2 mənbədən - yeraltı və yerüstü sulardan formalaşır. Rayonun yerüstü suları, yəni onun hidroloji şəbəkəsi çox zəngin deyil, yalnız Xaçınçay və Qarqarçaydan qidalana bilir. Xaçınçayın orta illik su sərfi saniyədə 1.7 kubmetr, Qarqarçayın isə 1.28 kubmetr təşkil edir ki, bu da 100 min əhalisi olacaq Ağdam rayonunun su təminatına, həm də suvarma sistemləri şəbəkəsinin qurulmasına kifayət etməyə bilər. Buna görə də alternativ su mənbəyi kimi yeraltı sulardan istifadə əsas faktorlardan biri sayılacaq. Ağdam rayonu Qarabağ düzü yeraltı su yatağı zonasında yerləşir. Bu yatağın illik resursu 1.9 milyard kubmetr təşkil edir. Əgər bu sudan effektli istifadə edilərsə, onun istismar resursları Ağdam şəhərinin həm su ilə təchizatına, həm də torpaq sahələrinin suvarılması üçün yetərli ola bilər. Lakin burada bir nüans da qeyd olunmalıdır. Artezian quyularında suyun istehlakı böyük enerji sərfi hesabına başa gəldiyinə görə daha konstruktiv və effektiv, səmərəli istifadəyə ehtiyac var. Bunun üçün bilavasitə Ağdam şəhərinin su ilə təminatında yeraltı artezian quyularının istifadəsi nəzərdə tutulub. Çünki bu sular davamlı, dinamik, eyni zamanda təhlükəsiz sayılır”.

Ə. Əliyev qeyd edib ki, yerüstü sularda çirklənmə və ya təhlükəli tendensiyalar hər an baş verə bilər, yeraltı sularda isə bu faktor mümkün deyil: “Ona görə də artıq yeni layihə əsasında “Azərsu” ASC Ağdam şəhərinin su ilə təchiz edilməsində ümumi su resursu saniyədə 40 kubmetr olan iki sugötürücüdən istifadə edəcək. Artıq bu istiqamətdə kəşfiyyat quyularının qazılmasına başlanılıb, yəni Ağdam şəhərinin su ilə təchiz edilməsi üçün resursların kəşfiyyatı və qiymətləndirilməsi mərhələsi gedir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ağdam rayonunun şərq hissəsində hələ 1990-cı illərə qədər qazılmış 752-dən artıq quyu mövcuddur ki, bu quyuların bir qisminin texniki vəziyyəti korlansa da, onların bərpası və istismara qaytarılması məsələsi var. Enerji sərfiyyatının azaldılması məqsədilə alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə yolu ilə artezian quyularının istismarı nəzərdə tutulur. Güman edirəm ki, “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınmasında Ağdamın yerüstü və yeraltı sularından effektiv şəkildə istifadə ediləcək. Burada hətta ətraf rayonlara belə yardım edə biləcək səviyyədə ehtiyatlar mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR