AQTA: Bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün pomidor təsərrüfatlarında monitorinqlər aparılır

AQTA sədri Qoşqar Təhməzli

© APA | AQTA sədri Qoşqar Təhməzli

# 01 sentyabr 2021 11:11 (UTC +04:00)

"Hazırda dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vuran virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır".

APA-nın məlumatına görə, bunu AQTA-nın sədri Qoşqar Təhməzli "Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi" ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin virus xəstəliklərinin əsas bitkisi pomidordur: "Lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. 2021-ci ilin ötən dövrü ərzində Azərbaycana Rusiyadan pomidor məhsulunda pepino mozaik virusuna görə 4, qonur qırışıqlıq virusuna görə 6, kartof məhsulunda qonur çürümə bakteriyasına görə isə 2 bildiriş göndərilib. Lakin əksər hallarda təsərrüfatlarda mövsümün bitməsi ilə əlaqədar məhsulun olmaması, habelə uyğunsuzluq aşkar edilən kartof və pomidor partiyalarının geri qaytarılmaması bildirişlərin araşdırılması zamanı faktların təsdiqi prosesini çətinləşdirib".

AQTA sədri bildirib ki, pomidorla bağlı yalnız bir təsərrüfata bildiriş vaxtında göndərilib, dərhal müəssisədə monitorinq həyata keçirilərək nümunələr götürülüb, həm Agentlikdə, həm də Türkiyədə laborator müayinələrə cəlb edilib və virus faktı öz təsdiqini tapmayıb: "Eyni zamanda, ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması ilə bağlı bu ilin 7 ayında 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb, götürülən nümunələrin laborator müayinəsi zamanı 1 müəssisədə pepino mozaik virusu aşkarlanıb və dərhal fitosanitar tədbirlər görülüb, şitillər Agentlik müfəttişlərinin iştirakı ilə yandırılaraq məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR