AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

© APA | AzTU-ya yeni prorektor təyin olunub

# 23 iyun 2021 16:47 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Universitetdən APA-ya verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.

Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.

2016-cı ildən indiyə kimi Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi vəzifələrində çalışıb. Təhsil Nazirliyində işlədiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələri üçün tədris-metodiki və hüquqi sənədlərin hazırlanmasında iştirak edib. Həmçinin Azərbaycanda keçirilən müxtəlif sosialyönümlü beynəlxalq və yerli tədbirlərdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin və könüllü tələbələrinin iştirakının təmin olunmasında, onların ölkəmizin adının beynəlxalq arenaya çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsində qurumlararası koordinasiyanı həyata keçirib.

Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1  fənn proqramının müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR