Bakıda binaların memarlıq layihələndirməsində tendensiya və perspektivlər müzakirə olunub - FOTO

Bakıda binaların memarlıq layihələndirməsində tendensiya və perspektivlər müzakirə olunub - FOTO
# 06 oktyabr 2021 16:56 (UTC +04:00)

“Bakı yalnız inkişaf etməyib, həm də keyfiyyətcə yeni müstəviyə yüksəlib”.

APA-nın məlumatına görə, bunu “Bakı şəhərində tikilən binaların memarlıq layihələndirməsində tendensiyalar və perspektivlər” mövzusunda seminar-müşavirədə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, şəhər üzrə hər keçən gün mənzil fondu artır və bunu nəzərə alaraq yeni tikililərdə milli memarlıq ənənələri, mövcud harmoniya qorunub saxlanılmalı, tikinti normalarına uyğun infrastruktur qurulması, parkinqlər, həyətlərdə istirahət guşələrinin yaradılması nəzarətdə saxlanılmalıdır.

İşğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev hazırlanan layihələrdə bu ərazinin coğrafi quruluşu, milli-memarlıq ənənələri və normativ tələblərin gözlənilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib, bu proseslərdə məhz memarların böyük rol oynadığını bildirib.

Komitə sədri ölkədə memarlıq fəaliyyətinin və şəhərsalma proseslərinin planlı və sistemli şəkildə həyata keçirildiyini, aparıcı dünya standartlarının və müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli irəliləyişə nail olunduğunu bildirib.

Anar Quliyev layihələndirmə və tikinti işlərində son illər ərzində rast gəlinən nöqsan və problemlərdən danışaraq bildirib ki, planlaşdırılan, layihələndirilən və inşa edilən bütün komplekslərdə, bina və qurğularda dünya miqyasında istifadə edilən mütərəqqi yanaşmaların öyrənilərək tətbiqi, vətəndaşların rahatlığı, təhlükəsizliyi və rifahını təmin edəcək dayanıqlı və davamlı şəhərsalma mühitinin formalaşdırılması başlıca vəzifələrdəndir.

Komitənin sədr müavini İlqar İsbatov Bakıdakı tiklilər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün Komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verib.

Bəzi tikinti layihələrində rast gəlinən çatışmazlıqlar və nöqsanlar, layihə təkliflərində istifadə olunan üslubların şəhərin memarlıq görünüşünə xələl gətirməməsi, habelə layihələrin keyfiyyətinin yüksəldilməsinə dair Komitə tərəfindən layihələndirmə təşkilatlarına müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR