Beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verilib

Beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verilib
# 23 sentyabr 2021 12:55 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verib.

DİM-dən APA-ya bildirilib ki, hazırda Platforma DİM-də keçirilən 8 müxtəlif beynəlxalq imtahana vahid məkandan qeydiyyatdan keçmək və ya məlumat əldə etmək imkanını yaradır.

Dövlət İmtahan Mərkəzi Nizamnaməsinə uyğun olaraq beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq edir və həmin imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin edir.

Yerli təhsil mühitinin daha da beynəlmiləlləşməsi məqsədilə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edən Dövlət İmtahan Mərkəzi təkcə təhsil sahəsində deyil, qlobal əmək bazarında da rəqabətə qoşulmaq istəyənlər üçün ən nüfuzlu kvalifikasiya imtahanlarının ölkə ərazisində vahid məkanda keçirilməsini təşkil edir.

Platforma namizədlərə Mərkəzdə təklif edilən bütün beynəlxalq imtahanlara rahat şəkildə vahid elektron məkandan məlumat əldə etməyə və qeydiyyatdan keçməyə imkan verir.

Platformada Cambridge Assessment English, ACCA, ТРКИ, ICDL beynəlxalq imtahanlarına birbaşa qeydiyyatdan keçmək, SAT, TOEFL iBT, Pearson VUE, GRE imtahanlarına isə qeydiyyatdan keçmək üçün müvafiq internet resurslarına keçid əldə etmək mümkündür.

Platformada qeydiyyatdan keçərkən namizədlər öz şəxsi məlumatlarını daxil edir və iştirak etmək istədikləri beynəlxalq imtahanın adını seçib, qeydiyyatı davam etdirərək müvafiq prosesi tamamlayırlar və ya digər təlimat keçidlərinə yönəlirlər. Ödəniş etmək üçün namizədlərə iki seçim (onlayn və ya hesab-faktura ilə) təklif olunur.

Namizədlər ödənişi tamamladıqdan sonra elektron poçt vasitəsilə qeydiyyata dair təsdiq cavabı alır və artıq imtahanda iştirak etmək hüququnu qazanırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR