Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Misirdə işgüzar səfərdə olub

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Misirdə işgüzar səfərdə olub
# 26 oktyabr 2021 15:30 (UTC +04:00)

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin dəvəti ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirə şəhərində işgüzar səfərdə olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, səfər Mərkəzin direktoru, professor Sevinc Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun artırılması və təbliği, eləcə də Azərbaycan dilinin ölkə xaricində tədris səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub. Səfirliyin və Monitorinq Mərkəzinin birgə keçirdiyi Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirdə səfirliyin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, Misirdə çalışan və yaşayan azərbaycanlı ailələr, eləcə də Azərbaycan dilinə xüsusi rəğbət bəsləyən misirlilər iştirak ediblər. Tədbirdə Azərbaycan xalqının müstəqillik tarixinə nəzər salınaraq ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasındakı müstəsna xidmətləri diqqətə çatdırılıb. Tədbirdə Misirdə yaşayan azərbaycanlıların ailə üzvləri və misirlilər tərəfindən doğma dilimizdə şeirlər səsləndirilib, xalq mahnıları ifa edilib. Səfər çərçivəsində Sevinc Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qahirə Universitetinin Şərq dilləri fakültəsində müəllim və tələbələrlə görüşüb. Görüşdə ərəb və Azərbaycan dilləri arasındakı qarşılıqlı əlaqə barəsində diskussiyalar aparılıb, müəllimlərin və Azərbaycan dilini öyrənən tələbələrin dilimizlə bağlı sualları cavablandırılıb.

Digər görüş isə İsra Adilin rəhbərlik etdiyi “EPS” Dillər Mərkəzində Azərbaycan dilini öyrənən tələbələrlə olub. Təlimdə iştirak edən tələbələr “Nizami Gəncəvi İli” çərçivəsində “Leyli və Məcnun” əsərindən hazırladıqları səhnəciyi nümayiş etdirərək dahi şairin yaradıcılığından kiçik parçalar səsləndiriblər. Görüşdə çıxış edən professor Sevinc Əliyeva Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasını bir daha diqqətə çatdıraraq Azərbaycan dilinin saflığının qorunması ilə bağlı görülən işlər haqda geniş məlumat verib. Hər iki görüşdə Azərbaycan dilini dərindən mənimsəmələri üçün əcnəbi tələbələrə dərsliklər və dərs vəsaitləri təqdim olunub, gələcəkdə Monitorinq Mərkəzi tərəfindən təşkil olunacaq “Yay məktəbləri” barədə ətraflı məlumat verilib. Bildirilib ki, misirli tələbələrin həmin layihədə iştirakı da təmin ediləcək.

Səfər çərçivəsində Ayn-Şəms Universitetinin müəllim və tələbə heyəti ilə də görüş keçirilib. Sevinc Əliyeva bildirib ki, Monitorinq Mərkəzinin əməkdaşları yaxın vaxtlarda Azərbaycan dilini tədris etmək üçün Ayn-Şəms Universitetinə ezam olunacaqlar.

Nümayəndə heyəti Misirdə Azərbaycan Diaspor Mərkəzinin təşkil etdiyi kurslarda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. Bu görüşdə Azərbaycan − Misir dostluq əlaqələrindən, iki dost ölkənin xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərdən danışılıb, Mərkəzin Misirdə Azərbaycan dilinin, mədəniyyətinin təbliği işinə böyük töhfələr verəcəyi qeyd olunub, diaspor mərkəzinə Azərbaycan dili dərslikləri hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR