Ehtiram Xəlilov: “Azad edlimiş ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir”

Ehtiram Xəlilov

© APA | Ehtiram Xəlilov

# 20 noyabr 2021 15:24 (UTC +04:00)

“Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir”.

Bu barədə APA-ya FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesinə aidiyyatı qurumların əməkdaşları ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

E. Xəlilov deyib ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: “Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə müvafiq kurslarda iştirak edərək akreditasiyadan keçiblər. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Qarşılıqlı əməkdaşlıq şəraitində müharibə qalıqları ilə çirklənmiş ərazilər digər dövlət orqanlarının əməkdaşları ilə birgə təmizlənir”.

Sektor müdiri bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir: “Doğma ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımız üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə əhalinin təhlükəsiz yaşaması üçün heç bir maneə qalmasın. Bunun üçün bu gün bölgəyə yaxın ərazilərdə məskunlaşmış vətəndaşlarımıza gösrərdikləri səbr və təmkinə görə, bu prosesdə dövlətimizin yanında olduqlarına görə təşəkkürümüzü bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifa etməyə çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və kəçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil”.

E. Xəlilov vətəndaşlara bir daha müraciət edərək xahiş edir ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər: “Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşaq”.

Qeyd edək ki, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş ANAMA əməkdaşı, 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri, 1999-cu il təvəllüdlü Renat Ağababayev tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Noyabrın 20-də isə Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu sel sularının əraziyə gətirdiyi minaya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR