ETSN: Qarabağda keçirilən monitorinqlərlə bağlı ilkin təhlillər var

Qarabağ

© APA | Qarabağ

# 21 may 2021 14:52 (UTC +04:00)

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında duran əsas vəzifələr işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə və təbii ehtiyatlara dəymiş zərərin qiymətləndirilməsi, təbiətə, ətraf mühitə vurulan ziyanın aradan qaldırılması və təbii landşaftın bərpası, ətraf mühitin mühafizəsi sahəsində ekoloji nəzarətin təşkilidir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həm xüsusi mühafizə olunan ərazilərə, həm meşə ərazilərinə, həm çaylara, xammal ehtiyatlarına, qeyri-meşə fondunda kəsilmiş ağaclar üzrə monitorinq aparılıb:

“Monitorinqlər Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarında, eyni zamanda, Xocavəndin bir hissəsində keçirilib. Həmin ərazilərdə xeyli miqdarda ağac kəsilməsi, o cümlədən təbiət abidələrinin məhv edilməsi faktları var. Onlar artıq sənədləşdirilib və ilkin qiymətləndirmə aparılıb. Bir çox yerlər minalanmış ərazilər olduğu üçün o ərazilərdə monitorinq keçirmək mümkün olmayıb. Qarabağ bölgəsində 13 əsas çay var. O çaylarda, su anbarlarında da monitorinqlər keçirilib. Bu monitorinqlərin nəticələri mütəmadi təhlil edilir. Bu gün bizim üçün ən böyük narahatlıq transsərhəd çaylar olan Oxçuçay, Bərgüşad çayı və Bəsitçayın çirklənməsidir. Hər üç çay öz mənbəyini Ermənistan ərazisindən götürür. Xüsusilə Oxçuçay həddən çox çirkləndirilir. Bunun nəticəsində çayda dəmirin miqdarı 4,6 dəfə, misin 3,8 dəfə, moliten 2,5 dəfə, nikkel 1,2 dəfə artıqdır. Hətta çayın rəngi də çirklənmədən dəyişir. Bu çirklənmə nəticəsində orada olan balıqlara, xüsusilə də Azərbaycanın "Qırmızı kitabı"na düşmüş və nadir növ olan qızıl xallı balığın məhv olması faktları da olur. Bunlarla bağlı xüsusi sənədləşmələr aparmışıq. Aidiyyəti, eyni zamanda beynəlxalq təşkilatlara müəyyən müraciətlər olunub”.

O, eyni zamanda qeyd edib ki, Qarabağ bölgəsində 167 mineral xammal ehtiyatı var:

“Onların 10-u termal mineral su, 16-sı şirin su ehtiyatları, filiz, qızıl, gümüş və digər material yataqlarıdır. İlkin peyk təsvirlərinə əsasən həmin yataqların 31-i istismar olunub. Həmin ərazilər minalardan təmizləndikdən sonra ərazilərə tam baxış keçiriləcək. Ümumilikdə Qarabağda keçirilən monitorinqlərlə bağlı ilkin təhlillər var, amma tam başa çatmayıb. Biri var peyk təsvirlərinə əsasən qiymətləndirmə aparasan, biri də var yerində baxış keçirəsən".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR