“Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib

“Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib
# 03 dekabr 2021 12:04 (UTC +04:00)

3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Əlil Təşkilatları İttifaqının təşkilati, Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.

Əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinin yaradılmasını təşviq edən tədbirdə müxtəlif qurumların, o cümlədən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib ki, əlilliyi olan şəxslərin əsas problemlərdən biri məşğulluğun təmin edilməsi, müəssisə və iş yerlərinin yaradılması ilə bağlı məsələlərdir: "Əlverişli mühit yaradılarsa, onların digər şəxslərdən asılılığı azalar, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edərlər. Əlilliyi olan insanların problemi yoxdur, problem ətraf mühitdir. Ətrafımızda olan insanlar əlilliyi olan şəxsləri başa düşsə, şərait yaradılsa, problemlər də olmaz".

Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev deyib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası bütün dünyada hökumətlərin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir.

Konfransda, həmçinin, əlilliyi olan şəxslərin məşğulluğunun qanunvericilik təminatları, hüquqları, BMT-nin Azərbaycandakı nümayəndəliklərinin əlillik sahəsində həyata keçirdikləri layihə və hədəflər, sahibkarların (işəgötürənlərin) əlilliyi olan şəxslərin məşğulluğunun təminatında rolu və məsuliyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR